Yeni mövsümdən etibarən Misli Premyer Liqasında çıxış edəcək “Şəfa” klubu yenilənmiş loqosunu ictimaiyyətə təqdim edib. Klub rəhbərliyi tərəfindən açıqlanan yeni vizual kimlik “Bir klub, bir şəhər, bir tarix və bir ailə” şüarı əsasında hazırlanıb və komandanın keçmişini, bu gününü və gələcək hədəflərini özündə əks etdirir.
Təqdim olunan emblemdə Bakı şəhəri, Azərbaycan dəyərləri və klubun formalaşma yolu ilə bağlı bir sıra simvolik elementlər yer alıb. Yeni loqo həm azarkeşlərlə bağlılığı gücləndirmək, həm də klubun inkişaf strategiyasını vizual formada ifadə etmək məqsədi daşıyır.
Loqodakı simvolların mənası açıqlanıb
Klubun yeni loqosunda istifadə olunan əsas elementlərdən biri Bakının tarixi simvollarından hesab edilən İçərişəhəri təcəssüm etdirən qüllədir. Emblemdəki ulduz isə “Şəfa”nın 2000/2001 mövsümündə qazandığı Azərbaycan Kubokuna işarə edir və eyni zamanda gələcəyə inamı, inkişafı və uğur arzularını simvolizə edir.
Loqoda yer alan alov təsviri Azərbaycan Respublikasının dövlət gerbindən ilhamlanaraq hazırlanıb. Bu element Odlar Yurdunun enerjisini, dinamizmini və davamlı inkişafını ifadə edir. Emblemdə həmçinin klubun təsis olunduğu 1998-ci il də xüsusi olaraq qeyd olunub.
Yeni loqoda üstünlük verilən mavi rəng Xəzər dənizini simvolizə edir və etibar, sabitlik, peşəkarlıq və azadlıq anlayışlarını ifadə edir. Ağ rəng isə saflığın, ədalətin, dürüstlüyün və yeni başlanğıcların rəmzi kimi seçilib.
Qeyd edək ki, “Şəfa” yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq və klub rəhbərliyi yenilənmiş loqonun komandanın yeni dövrünün başlanğıcını simvolizə etdiyini vurğulayır.




