Bakıda keçirilən U-17 güləş üzrə dünya çempionatı bu gün də gərgin mübarizə ilə davam edir. Yarışın ikinci günündə Azərbaycan yunan-Roma güləşi millisinin üç üzvü medal uğrunda həlledici görüşlərə çıxacaq, daha beş idmançı isə mübarizəyə yeni başlayacaq.
Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın güləşçi iştirak edir. Azərbaycan turnirdə 29 idmançı ilə təmsil olunur. Bu gün ilk beş çəki dərəcəsində medalçılar müəyyənləşəcək, digər beş çəkidə isə təsnifat və yarımfinal görüşləri keçiriləcək.
Salmanov və Həbibli bürünc, Həsənov isə qızıl medal uğrunda güləşəcək
Azərbaycan millisinin diqqət mərkəzində olan güləşçisi İsfahan Həsənov (80 kq) final görüşünə çıxacaq. O, qızıl medal uğrunda İran təmsilçisi Əlirza Rzai ilə qarşılaşacaq. Həsənov finala gedən yolda Xorvatiya, Polşa və Litva rəqiblərini mübarizədən kənarlaşdıraraq həlledici mərhələyə yüksəlib.
Dünən yarımfinalda məğlub olan Omar Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bu gün bürünc medal uğrunda xalçaya çıxacaqlar. Salmanov yarımfinalda rusiyalı Soltan Yusupova uduzub, Həbibli isə Ukrayna təmsilçisi İbrahim Nəsibova son xal prinsipi ilə məğlub olub.
Beş Azərbaycan güləşçisi yarışa qələbə ilə başlamağa çalışacaq
Bu gün daha beş yunan-Roma güləşçisi ilk görüşlərini keçirəcək. Onlardan ikisi artıq uğurlu start verib.
45 kq çəki dərəcəsində çıxış edən Əli Cavadlı seçmə mərhələdə Bolqarıstan təmsilçisi Oqnyan Burqazovu 9:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
60 kq çəki dərəcəsində mübarizə aparan Elmir Çərkəzov isə Qazaxıstan idmançısı Nuralı Askar üzərində 2:0 hesablı qələbə qazanaraq yarışa inamlı başlayıb.
Günün davamında daha üç Azərbaycan təmsilçisi mübarizəyə qoşulacaq:
- 51 kq: Abdulrəhman Hüseynli – Kuanışbek Janqajol (Qazaxıstan);
- 71 kq: Nadir Həsənov – Mehdi Əzizboyev (Tacikistan);
- 92 kq: Zöhrab Səfərov – Hlib Yevseyev (Ukrayna).
Azərbaycan millisi doğma azarkeşlər önündə həm ilk qızıl medalını qazanmağa, həm də medal sayını artırmağa çalışacaq.




