Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Finlandiya təmsilçisi “KuPS” ilə qarşılaşacaq. Kuopio şəhərindəki Väre Areena stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 19:00-da start götürəcək. Bu matç iki komanda üçün III təsnifat mərhələsinə vəsiqə baxımından həlledici əhəmiyyət daşıyır.
İlk qarşılaşmada “Sabah” doğma meydanda rəqibini 1:0 hesabı ilə məğlub edib. Həmin oyunda yeganə qolu Velko Simiç vurub və Azərbaycan klubu cavab görüşünə minimal üstünlüklə yollanıb. Bu nəticə “Sabah”a növbəti mərhələyə yüksəlmək üçün sərfəli mövqe qazandırsa da, Finlandiyada komandaya çətin sınaq gözlənilir.
Qalibi daha güclü rəqib gözləyir
İki oyunun yekununda qalib gələn komanda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orxus” (AGF) və Polşanın “Lex” klubları arasındakı cütün qalibi ilə qarşılaşacaq. İlk oyunda “Lex” rəqibini 4:1 hesabı ilə məğlub etdiyi üçün Polşa təmsilçisi növbəti raunda daha yaxın görünür.
“Sabah” bu mövsüm avrokuboklarda inamlı çıxışı ilə diqqət çəkir. Komanda əvvəlki mərhələdə Uels çempionu “The New Saints” klubunu mübarizədən kənarlaşdırıb və ardıcıl üç Çempionlar Liqası seçmə oyununda qələbə qazanıb. Baş məşqçi Valdas Dambrauskasın komandası Finlandiyada bu seriyanı davam etdirməyə və klub tarixində növbəti uğura imza atmağa çalışacaq. Məlumata görə, Kuopioda keçiriləcək qarşılaşmada “Sabah”a Azərbaycandan gələn təxminən 50 azarkeş dəstək verəcək.




