Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə Bolqarıstanın CSKA Sofiya klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi səfərdə uğurlu nəticə qazanaraq turnirdə mübarizəni davam etdirməyi hədəfləyir.
Sofiyada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək. Komandalar arasında ötən həftə Bakıda baş tutan ilk oyun qolsuz heç-heçə ilə başa çatdığından, cütün taleyinə məhz bugünkü görüşdə aydınlıq gələcək. Qalib komanda UEFA Avropa Liqasının III təsnifat mərhələsinə yüksələcək.
Növbəti rəqib və mümkün ssenarilər
“Qarabağ” mərhələ adlayacağı halda növbəti raundda “Şerif” (Moldova) – “Makkabi” Tel-Əviv (İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Əgər Azərbaycan çempionu CSKA Sofiya səddini keçə bilməsə, avrokuboklarda yoluna UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam edəcək. Bu halda rəqib “Dinamo” (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan) cütünün məğlubu olacaq.
Baş məşqçi Qurban Qurbanovun komandası son illərdə avrokuboklarda sabit çıxışı ilə seçilir və bu mövsüm də əsas məqsədlərdən biri Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqdır. İlk matçda tərəflər hesabı aça bilməsələr də, cavab görüşündə hər iki komandanın daha açıq futbol nümayiş etdirməsi gözlənilir.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
- 22:00 – CSKA Sofiya (Bolqarıstan) – Qarabağ (Azərbaycan) (ilk oyun – 0:0)




