Azərbaycan 2026/2027 mövsümündə minifutbol üzrə UEFA deyil, Avropa Minifutbol Federasiyasının (EMF) Çempionlar Liqasında üç komanda ilə təmsil oluna bilər. Hazırda iki klubun turnirdə iştirakı dəqiqləşsə də, daha bir komandanın da əsas yarışa vəsiqə qazanmaq şansı qorunur.
Azərbaycan Minifutbol Federasiyasının açıqlamasına görə, ötən mövsümün çempionu “Zirə” və gümüş medalçı “Birbaşa Bakı” yeni mövsümdə mütləq Çempionlar Liqasında çıxış edəcək. Bürünc mükafatçı “Aznur” isə Avropa Minifutbol Federasiyasının reytinq qərarını gözləyir. Məhz həmin siyahı açıqlanandan sonra klubun Çempionlar Liqasında, yoxsa Avropa Kubokunda iştirak edəcəyi rəsmiləşəcək.
Yeni mövsüm oktyabrda başlayacaq
Federasiya yeni daxili mövsümlə bağlı da ilkin planlarını açıqlayıb. Bildirilib ki, minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünə oktyabr ayının ilk həftəsində start verilməsi nəzərdə tutulur. Yarışın təqvimi və iştirakçı komandalarla bağlı yekun məlumatların yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
Xatırladaq ki, 2025/2026 mövsümünün yekununda ölkə çempionu adını “Zirə” qazanıb. “Birbaşa Bakı” çempionatı ikinci pillədə başa vurub, “Aznur” isə bürünc medallara sahib çıxıb. Məhz bu nəticələr klubların Avropa turnirlərində iştirak hüququ əldə etməsinə imkan yaradıb.
Əgər EMF reytinqi Azərbaycanın xeyrinə olarsa, ölkə tarixində ilk dəfə olaraq eyni mövsümdə üç klub minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparacaq. Bu isə Azərbaycan minifutbolunun beynəlxalq arenadakı mövqeyinin daha da möhkəmlənməsi baxımından mühüm addım hesab olunur.




