Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən “Qarabağ” bu gün turnirin III təsnifat mərhələsinin ilk oyununda Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi növbəti mərhələyə gedən yolda vacib hesab olunan ilk matçını neytral meydanda keçirəcək.
Müharibə şəraiti səbəbindən Kiyev təmsilçisi avrokuboklardakı ev oyunlarını Polşada qəbul edir. Bu səbəbdən qarşılaşma Lublin şəhərində yerləşən “Arena Lublin” stadionunda təşkil olunacaq.
Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. UEFA-nın təyinatına əsasən, oyunu danimarkalı FIFA referisi Morten Kroq idarə edəcək. UEFA-nın rəsmi təqviminə əsasən, III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-da, cavab qarşılaşmaları isə avqustun 13-də keçiriləcək.
Cavab oyunu Bakıda keçiriləcək
İki oyundan ibarət duelin cavab qarşılaşması avqustun 13-də Bakıda baş tutacaq. Komandalar Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək və matç saat 20:00-da start götürəcək.
“Qarabağ” bu mövsüm də avrokuboklarda uğurlu çıxışını davam etdirməyi hədəfləyir. Qurban Qurbanovun komandası səfərdə sərfəli nəticə qazanaraq cavab görüşü öncəsi üstünlük əldə etməyə çalışacaq. “Dinamo” isə Polşadakı neytral meydanda qalib gələrək Bakıya rahat üstünlüklə yollanmağı planlaşdırır.




