Sebastyan Maylat “Neftçi”yə transferini təsdiqlədi: “Son qərar məndən asılıdır”

“Neftçi” heyətini Rumıniyanın “Botoşani” klubunun cinah yarımmüdafiəçisi Sebastyan Maylatla gücləndirməyə yaxındır. 28 yaşlı futbolçu FCSB ilə Rumıniya Superliqasının V turunda keçirilən və komandasının 2:3 hesabı ilə uduzduğu görüşdən sonra Bakı klubundan təklif aldığını təsdiqləyib.

Maylatın sözlərinə görə, “Neftçi” ilə “Botoşani” arasında aparılan danışıqlar artıq yekun mərhələdədir. Tərəflərin əsas məsələlər üzrə razılığa gəldiyi, yalnız müəyyən detalların həllinin qaldığı bildirilir.

“Bilmirəm, bu, ‘Botoşani’də son oyunum idi, yoxsa yox. ‘Neftçi’ ilə danışıqlar aparılır. Bəzi detalları həll etməliyik və bu həftə hər şey aydınlaşacaq. Əlbəttə, mənim üçün irəliyə doğru addımdır. Ötən mövsüm yaxşı çıxış etdiyim üçün müəyyən gözləntilərim var idi və daha yüksək səviyyəyə keçmək istəyirdim. Arzum daha güclü çempionatlarda oynamaqdır. Əlimdən gələnin ən yaxşısını etməyə və futboldan zövq almağa çalışacağam. Klublar demək olar ki, razılığa gəlib, son qərar isə məndən asılıdır”, – Maylat bildirib.

“Neftçi” 400 min avro ödəməyə hazırdır

Rumıniyadan yayılan məlumatlara görə, “Botoşani” və “Neftçi” transfer məbləği ilə bağlı razılığa gəlib. Bakı təmsilçisinin Maylat üçün 400 min avro ödəməsi nəzərdə tutulur. Futbolçunun özü də yekun qərarını cari həftə ərzində verməyi planlaşdırır.

Maylatın son mövsümdəki göstəriciləri də “Neftçi”nin ona marağını izah edir. Rumıniya Peşəkar Futbol Liqasının rəsmi statistikasına əsasən, cinah oyunçusu 2025/26 Superliqa mövsümünü 13 qol və 5 məhsuldar ötürmə ilə tamamlayaraq ümumilikdə 18 qol töhfəsi verib.

Timişoarada anadan olan Maylat karyerası ərzində “Poli Timişoara”, ÇFR Kluj, “Qaz Metan”, “Universitatya Kluj”, “Voluntari”, Cənubi Koreyanın “Suvon Samsung Blyuvinqs” və “Sepsi” klublarında çıxış edib. O, ÇFR Klujla Rumıniya çempionu da olub.

Transfer baş tutacağı halda, 28 yaşlı futbolçu karyerasını Azərbaycan Premyer Liqasında davam etdirəcək. Hazırkı mərhələdə klublar arasında razılaşma əldə olunsa da, keçidin rəsmiləşməsi üçün Maylatın yekun qərarı gözlənilir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni