Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov Yaponiyanın RIZIN təşkilatında növbəti qarşılaşmasına hazırlaşır. Təcrübəli idmançı sentyabrın 10-da yaponiyalı Ryo Takagi ilə üz-üzə gələcək.
Kərəmov və rəqibi döyüşdən əvvəl keçirilən rəsmi çəkiölçmə mərasimində iştirak ediblər. Qarşılaşma 66 kq çəki dərəcəsində RIZIN MMA qaydaları ilə keçiriləcək və üç raunddan ibarət olacaq. Hər raundun müddəti beş dəqiqə müəyyənləşdirilib.
34 yaşlı Vüqar Kərəmov peşəkar MMA karyerasında 21 qələbə və 7 məğlubiyyətə malikdir. Azərbaycan təmsilçisi 2023-cü ildə Mikuru Asakuranı ikinci raundda boğucu fəndlə məğlub edərək RIZIN-in yarımyüngül çəkidə çempionluq kəmərini qazanıb.
Kərəmov sonuncu dəfə 2025-ci ilin dekabrında Kleber Koike Erbstlə qarşılaşıb və üç raundun yekununda hakimlərin yekdil qərarı ilə məğlub olub. Bundan əvvəl isə Şuya Kimura üzərində hakimlərin yekdil qərarı ilə qələbə qazanmışdı.
Onun rəqibi 26 yaşlı Ryo Takaginin peşəkar göstəricisi 11 qələbə və 3 məğlubiyyətdir. Yaponiyalı döyüşçü 11 qələbəsinin səkkizini nokaut və ya texniki nokautla əldə edib. Takagi son üç qarşılaşmasından qalib ayrılıb və 2026-cı ilin mayında Li Kayveni ilk raundda nokaut edib.
Kərəmov – Takagi qarşılaşması “Super RIZIN 5” turnirinin proqramına daxildir. Tədbir sentyabrın 10-da Yaponiyanın Osaka şəhərindəki “Kyocera Dome Osaka” arenasında təşkil olunacaq.
Turnirdə Kərəmovla yanaşı, RIZIN-in müxtəlif çəki dərəcələrində tanınmış döyüşçüləri də oktagona çıxacaqlar.





