UFC-nin yüngül çəki divizionunda çıxış edən azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov növbəti qarşılaşmasına noyabrda çıxacaq. 32 yaşlı idmançı braziliyalı Cefferson Nasimento ilə üz-üzə gələcəyini sosial şəbəkə hesabında açıqlayıb.
Döyüş noyabrın 14-də Nyu-Yorkdakı “Madison Square Garden” arenasında keçiriləcək UFC 334 turniri çərçivəsində baş tutacaq. Qarşılaşmanın yüngül çəki dərəcəsində keçirilməsi planlaşdırılır. UFC hələ döyüşü rəsmi olaraq elan etməsə də, Sadıxov qarşılaşma barədə özü məlumat yayıb.
Maraqlıdır ki, hər iki döyüşçü sonuncu dəfə eyni UFC turnirində — iyunun 27-də Bakıda keçirilən yarışda oktagona çıxıb və məğlubiyyətlə üzləşib.
Nasimentonun yeganə məğlubiyyəti Bakıda olub
“Toddynho” ləqəbli Cefferson Nasimentonun peşəkar MMA karyerasında 13 qələbə və 1 məğlubiyyət var. 27 yaşlı braziliyalı beş döyüşü nokautla, üçünü isə sabmişnlə başa vurub. O, UFC-yə gələnədək məğlubiyyətsiz irəliləyib və LFA təşkilatında yüngül çəki üzrə müvəqqəti çempionluq titulunu qazanıb.
Nasimentonun 13 döyüşlük qələbə seriyası məhz Azərbaycanda dayanıb. Braziliyalı iyunun 27-də Bakıdakı UFC turnirində debüt edərək Tahir Abdullayevlə qarşılaşıb. Abdullayev üçüncü raundun 4-cü dəqiqə 28-ci saniyəsində texniki nokautla qələbə qazanıb.
Nasimento həmin görüşə yarımorta çəkidə çıxmışdı. Nazim Sadıxovla qarşılaşmada isə o, yenidən yüngül çəkiyə — 155 funta qayıdacaq və UFC-də ilk qələbəsini əldə etməyə çalışacaq.
Sadıxov məğlubiyyətdən sonra qayıdır
Nazim Sadıxov da Bakı turnirində uğursuzluqla üzləşib. Azərbaycan təmsilçisi braziliyalı Mateus Kamilo ilə döyüşdə birinci raundun 1-ci dəqiqə 31-ci saniyəsində texniki nokautla məğlub olub.
Bu nəticə Sadıxov üçün ardıcıl ikinci məğlubiyyət olub. Onun peşəkar MMA göstəricisi hazırda 11 qələbə, 3 məğlubiyyət və 1 heç-heçə, UFC-dəki statistikası isə 4 qələbə, 2 məğlubiyyət və 1 heç-heçədir.
Beləliklə, UFC 334-də həm Sadıxov, həm də Nasimento Bakıdakı məğlubiyyətlərini arxada qoyaraq yenidən qələbə yoluna qayıtmağa çalışacaqlar. Qarşılaşma Nasimentonun UFC-də ikinci, Sadıxovun isə təşkilatdakı səkkizinci döyüşü olacaq.





