Kişilərdən ibarət Azərbaycan boks millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında tarixi nəticəyə imza atıb. Yığma bir qitə çempionatında ilk dəfə beş medal təmin etməklə əvvəlki rekordunu yeniləyib. Bu nəticənin rəsmiləşməsində həlledici addımı 75 kq çəki dərəcəsində çıxış edən Səidcəmşid Cəfərov atıb.
Cəfərov 1/4 finalda İsveç təmsilçisi Kevin Skottu 5:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Bununla da Azərbaycan boksçusu ən azı bürünc medalı təmin edib və millinin Sofiyadakı medal sayı beşə çatıb. O, finala vəsiqə uğrunda Kalum Meykinlə qarşılaşacaq.
Azərbaycan millisi əvvəlki rekordunu geridə qoydu
Bunadək Azərbaycan kişilərdən ibarət milli komanda ilə Avropa çempionatlarının birində maksimum dörd medal qazanmışdı. Boksçularımız 2006-cı ildə Bolqarıstanın Plovdiv şəhərində, 2013-cü ildə isə Belarusun paytaxtı Minskdə keçirilən qitə çempionatlarında dörd dəfə fəxri kürsüyə yüksəlmişdilər. Sofiyada artıq beş mükafatın təmin olunması yeni rekord deməkdir.
Azərbaycan millisinin medalçıları:
- Sübhan Mamedov (50 kq) — finala yüksəlib
- Nəbi İsgəndərov (70 kq) — finala yüksəlib
- Səidcəmşid Cəfərov (75 kq) — yarımfinala yüksəlib
- Amin Məmmədzadə (55 kq) — yarımfinala yüksəlib
- Məhəmməd Abdullayev (+90 kq) — bürünc medal qazanıb
Sübhan Mamedov yarımfinalda Türkiyə təmsilçisi Samet Gümüşü 3:2, Nəbi İsgəndərov isə irlandiyalı Con MakKonnelli 4:1 hesabı ilə məğlub edərək həlledici mərhələyə vəsiqə qazanıb. Beləliklə, Azərbaycan yığmasının rekord göstəricisini daha da yaxşılaşdırmaq və medalların əyarını yüksəltmək imkanı qalır. Sofiyada keçirilən Avropa çempionatına sentyabrın 25-də yekun vurulacaq.





