Mozes İtauma Hrqoviçə məğlubiyyətdən sonra qərarını verdi: rinqə qayıdır

Britaniyalı ağır çəkili boksçu Mozes İtauma peşəkar karyerasındakı ilk məğlubiyyətdən sonra məşqlərə qayıdıb və növbəti döyüşünü 2027-ci ilin əvvəlində keçirməyə hazırlaşır.

21 yaşlı boksçu avqustun 29-da Londondakı O2 Arenada vakant IBF dünya çempionluğu uğrunda Filip Hrqoviçlə qarşılaşmışdı. Görüşün böyük hissəsində üstün olan İtauma ikinci raundda rəqibini nokdauna salsa da, doqquzuncu raundda texniki nokautla məğlub olub. Hrqoviç bununla IBF kəmərini qazanıb və Xorvatiya tarixində ağır çəkidə ilk dünya çempionu olub.

Məğlubiyyətdən sonra İtaumanın peşəkar göstəricisi 14 qələbə, 1 məğlubiyyət və 12 nokaut təşkil edir.

Frenk Uorren İtaumanın planını açıqladı

Boksçunun promouteri Frenk Uorren İtaumanın artıq idman zalında məşqlərini davam etdirdiyini və komandanın yaxın zamanda mümkün rəqibləri müzakirə edəcəyini bildirib.

“O, qayıdacaq və gələn ilin əvvəlində döyüş keçirəcək. Boksçu ilə bir neçə dəfə danışmışam, hazırlaşır və idman zalında məşq edir. Gələn həftə komanda ilə oturub hər şeyi, bütün mümkün rəqibləri müzakirə edəcəyik.

İtauma çox məyus olmuşdu, çünki Hrqoviçlə döyüşdə qalib gəlirdi. O, nəyi səhv etdiyini bilir. Bu, ali riyaziyyat deyil, amma ciddi dəyişikliklər lazımdır”, – Uorren deyib.

İtaumanın konkret rəqibi hələ müəyyənləşməyib. Onun yenidən dünya çempionluğu uğrunda döyüşə çıxmazdan əvvəl bir və ya iki qarşılaşma keçirə biləcəyi bildirilir.

Britaniyalı boksçu Hrqoviçlə revanş istədiyini gizlətmir. Lakin komandanın əsas məqsədi hazırda İtaumanı mərhələli şəkildə yenidən dünya tituluna iddialılar sırasına qaytarmaqdır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni