Olimpiya çempionu Hidayət Heydərov (73 kq) dünya cüdo reytinqində ən çox xal toplayan idmançılar arasında ikinci pilləyə yüksəlib. Sport-Az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) qarışıq reytinq cədvəli həm kişi, həm də qadın idmançıların ümumi sıralamasını əks etdirir.
Heydərov əvvəl üçüncü yerdə qərarlaşmışdı, lakin son nəticələrə əsasən ikinci pilləyə yüksəlib. O, ikiqat dünya çempionu Anna-Mariya Vaqneri (Almaniya, 7 132 xal) geridə qoyub. Azərbaycanlı cüdoçunun hazırda 7 360 xalı var.
Bu nəticə kişilər arasında ən yüksək göstəricidir. Ümumi sıralamada Heydərov yalnız olimpiya çempionu Krista Dequçidən (Kanada, 9 790 xal) geri qalır.
Digər azərbaycanlı olimpiya çempionu Zəlim Kotsoyev (100 kq) 6 112 xalla yeddinci sırada qərarlaşıb. O, beşqat olimpiya çempionu Teddi Rineri (Fransa, 5 900 xal) geridə qoyaraq üstünlük qazanıb.



