Tanınmış azərbaycanlı boksçu Ali İsmayılov ölkədə boksun hazırkı vəziyyəti ilə bağlı ciddi narahatlığını ifadə edib. Onun sözlərinə görə, Azərbaycan boksu dərin böhran keçirir və vəziyyətdən çıxış üçün təcili islahatlara ehtiyac var.
İsmayılovun fikrincə, son Olimpiya Oyunları bu problemin miqyasını açıq şəkildə göstərdi. “Parisə göndərilən 6-7 boksçudan yalnız kubalı legioner medal qazana bildi. Bu isə milli komandada ciddi dəyişikliklərin vacibliyini ortaya qoyur,” – deyə o bildirib.
Boksçu hesab edir ki, problemi həll etmək üçün yalnız məşqçi heyətinin dəyişdirilməsi kifayət deyil. Əsas məsələ, ümumilikdə məşq prosesinin və yanaşmanın yenilənməsidir. “Əgər hər şey olduğu kimi qalarsa, Azərbaycan boksu daha da geriləyəcək. Son dünya çempionatları və Olimpiadalar buna sübutdur. Federasiya rəhbərliyi bu problemləri görməli və təcili tədbirlər görməlidir,” – deyə İsmayılov vurğulayıb.
Xatırladaq ki, 2023-cü ilin dekabr ayından etibarən Azərbaycan milli boks komandasına Rövşən Xocayev rəhbərlik edir.