Azərbaycanın qadınlardan ibarət sablya üzrə millisi Yunanıstanın İraklion şəhərində keçirilən Dünya Kubokunda dördüncü yeri tutub.
Turnirdə mübarizəyə 1/16 final mərhələsindən başlayan milli komanda ilk görüşündə Sinqapur yığmasına 45:32 hesabı ilə qalib gəlib. Daha sonra Anna Başta, Zərifə Hüseynova, Polina Kaspiaroviç və Səbinə Kərimovadan ibarət heyət Macarıstan komandasını 45:43 hesabı ilə məğlub edərək ən güclü səkkiz komanda sırasına yüksəlib. Lakin bu oyunda Anna Başta zədə səbəbindən mübarizəni davam etdirə bilməyib.
Milli komandamız ABŞ yığması üzərində 45:38 hesablı qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib. Lakin burada Fransa komandasına 30:45 hesabı ilə məğlub olan təmsilçilərimiz üçün final şansı əldən çıxıb. Bürünc medal uğrunda Cənubi Koreya ilə qarşılaşan Azərbaycan millisi 33:45 hesabı ilə məğlub olaraq yarışı dördüncü pillədə tamamlayıb.
Fərdi yarışlarda ən yaxşı nəticə Anna Başta tərəfindən göstərilib. O, turniri 12-ci sırada başa vurub. Səbinə Kərimova 45-ci, Polina Kaspiaroviç 60-cı, Zərifə Hüseynova isə 146-cı yeri tutub. Dünya Kubokunda ümumilikdə 200-dən çox idmançı iştirak edib.