UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Real Madrid” səfərdə “Arsenal”a 0:3 hesabı ilə uduzdu. Oyunun qəhrəmanlarından biri isə təəssüf ki, “Real”ın qapıçısı Tibo Kurtua oldu, çünki o, iki cərimə zərbəsindən buraxdığı qollarla diqqət mərkəzinə düşdü.
Kurtuadan açıqlama: “Məsuliyyəti üzərimə götürürəm”
Matçdan sonra belçikalı qapıçı AS nəşrinə verdiyi açıqlamada öz səhvlərini etiraf etdi:
“Arsenal çox güclüdür, presinqi və xətlərarası oyunu yüksək səviyyədədir. Birinci hissədə biz yaxşı dayandıq, əks-hücumlarda təhlükə yaratdıq. Amma ikinci hissədə oyunumuzu tam itirdik. Panika yox idi, amma topa nəzarət edə bilmirdik.”
Kurtua həmçinin Deklan Raysın vurduğu ilk qolda divarın düzgün qurulmadığını qəbul edib:
“İlk qolda divarı yaxşı qurduğumu düşünürdüm. Həmişə əlavə bir futbolçu əlavə edirəm ki, divar zəif qalmasın. Bu dəfə də məsuliyyəti üzərimə götürürəm. Ola bilsin, daha bir oyunçu əlavə etsəydim, fərq etməzdi. İkinci qolda isə sadəcə əla zərbə oldu.”
Geri dönüşə inam hələ var
Tibo Kurtua ağır nəticəyə baxmayaraq cavab görüşündə komandasına inandığını bildirib:
“0:3 — çətin hesabdır, amma komandaya inanmaq lazımdır. İki sürətli qol vursaq, üçüncü də gələcək. Səhvləri düzəldib, qələbə qazanmalıyıq.”
Statistika və cavab oyunu
Mövsüm ərzində Kurtua “Real” forması ilə 38 oyunda iştirak edib, 43 qol buraxıb, 11 dəfə qapısını toxunulmaz saxlayıb. “Real” və “Arsenal” arasında cavab oyunu 16 aprel tarixində Madrid şəhərində baş tutacaq.



