Braziliyanın məşhur futbol klubu “Santos” mövsümə uğursuz başlaması səbəbindən baş məşqçisi Pedro Kaysinyanı və onunla birlikdə texniki heyətini vəzifədən azad edib. Komandanın elit liqada keçirdiyi ilk üç qarşılaşmadan yalnız bir xal toplaması klub rəhbərliyinin bu addımı atmasına səbəb olub.
“Santos” mövsümə ardıcıl uğursuz nəticələrlə start verib: “Vasko da Qama”ya 1:2 hesabı ilə məğlubiyyət, “Fluminense”yə qarşı 0:1 hesablı itki və yalnız “Baiya” ilə 2:2 hesablı bərabərlik. Bu nəticələr “Santos”u cəmi 1 xalla turnir cədvəlində 20 komanda arasında 18-ci pilləyə endirib.
Komandada baş məşqçi ilə yanaşı qapıçılar üzrə məşqçi və fiziki hazırlıq üzrə mütəxəssis də işdən çıxarılıb. Hazırda məşqçi səlahiyyətlərini keçmiş milli futbolçu Sezar Sampayo müvəqqəti olaraq icra edir.
Qeyd edək ki, bu dəyişikliklər klubun 113 illik yubiley gününə – 14 apreldə təsadüf edib. Məhz 1912-ci ilin bu tarixində “Santos” klubu rəsmi olaraq təsis edilmişdi.
Komandanın simvollarından biri olan Neymar isə uzun fasilədən sonra yenidən “Santos”un heyətində meydana çıxıb. O, “Fluminense” ilə görüşdə 53 dəqiqə oynayıb, bir sarı vərəqə alıb və altı dəfə qayda pozuntusuna yol verib – bu göstərici ilə meydandakı futbolçular arasında lider olub.