Kataloniyanın məşhur futbol klubu “Barselona” yay transfer dövründə hücum xəttini gücləndirməyi planlaşdırır. İspan mətbuatı “El Nacional”ın verdiyi məlumata görə, klubun rəhbərliyi “Napoli”yə məxsus olan və bu mövsüm icarə əsasında “Qalatasaray”da çıxış edən Viktor Osimheni potensial transfer hədəfi kimi nəzərdən keçirir.
26 yaşlı Nigeriyalı hücumçunun “Barselona”ya keçidi Robert Levandovski üçün alternativ axtarışı ilə izah olunur. Polşalı forvard artıq futbol karyerasının son illərini yaşayır və klub rəhbərliyi daha gənc və dinamik hücumçu axtarışındadır. Məlumata görə, “Napoli” ilə yaşanan fikir ayrılıqları Osimhenin satışını asanlaşdırır və keçidin icarə əsasında baş tutması da mümkündür.
Viktor Osimhen 2024/25 mövsümündə “Qalatasaray”ın heyətində yüksək performans göstərərək 33 oyunda 29 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer dəyəri məşhur Transfermarkt portalı tərəfindən 70 milyon avro olaraq qiymətləndirilir.