Əfsanəvi portuqaliyalı futbolçu Kriştiano Ronaldonun oğlu Kriştiano duş Santos Portuqaliya U-15 millisində ilk qolunu vurub. Bu barədə Sport-az.com məlumat yayıb.
14 yaşlı futbolçu Xorvatiyada keçirilən beynəlxalq turnirdə yerli komandaya qarşı keçirilən oyunun 13-cü dəqiqəsində hesabı açıb. O, iti bucaq altında vurduğu zərbə ilə topu dirəyə dəyərək qapıya göndərib.
Daha sonra, ilk hissənin sonunda baş zərbəsi ilə yenidən fərqlənərək komandasının qələbəsinə töhfə verib. Matç Portuqaliya U-15 yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu oyun Ronaldonun oğlu üçün turnirdə üçüncü qarşılaşma olub.
Qol sevincini atasına bənzədib
Duş Santos ilk qolunu atdıqdan sonra onu atası Kriştiano Ronaldonun məşhur sevinci ilə qeyd edib, bu isə azarkeşlər arasında maraqla qarşılanıb.
Gənc futbolçu hazırda atası ilə eyni klub olan Səudiyyə Ərəbistanının “Əl-Nasr” komandasında akademiya səviyyəsində çıxış edir. Onun futbol karyerası hələ yenicə başlayır, lakin artıq ciddi diqqət mərkəzindədir.
Ronaldonun statistikası
Qeyd edək ki, 40 yaşlı Kriştiano Ronaldo 2023-cü ildən “Əl-Nasr”da çıxış edir. Cari mövsümdə o, 25 oyuna 23 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi iyun 2025-ci ilə qədər qüvvədədir.



