Futbol tarixinin ən məhsuldar hücumçusu Kriştiano Ronaldo karyerasında növbəti dönüş nöqtəsinə yaxınlaşır. İspaniyadan yayılan məlumatlara görə, ulduz futbolçu “Əl-Nəsr” klubu ilə müqavilənin uzadılmasından uzaqlaşır və Avropaya qayıdış variantını ciddi şəkildə nəzərdən keçirir.
“Sportinq”ə qayıdış planı
Ronaldo və onun yaxın ətrafı Lissabon “Sportinq”inə dönüş ideyasını aktiv şəkildə müzakirə edir. Qeyd edək ki, portuqaliyalı hücumçu məhz bu klubda peşəkar karyerasına başlamışdı və indi, 20 ildən sonra, “Sportinq”ə qayıtmaq ehtimalı getdikcə artır.
Bu planın reallaşmasına şərait yaradan əsas amil isə “Sportinq”in əsas hücumçusu Viktor Gyökeresin yayda komandadan ayrılmasıdır. Klubda boşalan forvard mövqeyini Ronaldo ilə doldurmaq ideyası gündəmdədir.
Beşqat “Qızıl top” sahibi yenidən Avropada?
Beş dəfə “Ballon d’Or” mükafatını qazanan Ronaldo üçün Avropaya dönüş, yalnız futbol baxımından deyil, həm də emosional və simvolik məna daşıyır. “Sportinq” formasını yenidən geyinmək, karyerasını başladığı yerdə bitirmək ehtimalı həm azarkeşlər, həm də futbol ictimaiyyəti tərəfindən maraqla izlənilir.



