UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Sloveniyanın “Selye” klubuna 2:3 hesabı ilə məğlub olan “Sabah” komandasında daha bir ciddi problem yaşanır.
Sport-az.com-un Sport1-ə istinadən verdiyi məlumata görə, klubun əsas qapıçılarından biri olan Yusif İmanov “Sabah”la olan müqaviləsini birtərəfli qaydada pozub. Futbolçunun bu addımı atmasının səbəbi klub rəhbərliyi ilə yaşadığı narazılıqlardır.
Yusifin vəkili vasitəsilə FIFA-ya şikayət təqdim etməyə hazırlaşdığı bildirilib. Məlumata əsasən, “Sabah” rəhbərliyinin futbolçuya qarşı münasibəti onun bu qərarı verməsində əsas rol oynayıb. İmanov yayda Avstriyada keçirilmiş təlim-məşq toplanışına aparılmayıb və UEFA Avropa Liqasının iştirak ərizəsində də adı yer almayıb.
Sport-az.com-ın əldə etdiyi əlavə məlumatda qeyd olunur ki, Yusif İmanov artıq “İmişli” klubu ilə danışıqlara başlayıb.



