Azərbaycanda baş tutacaq III MDB Oyunlarında iştirak edəcək ölkələrin sayı artıb. Türkmənistan da rəsmi şəkildə yarışlara qatılacağını bəyan edib.
Sport-az.com xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb. Bildirilib ki, Türkmənistan 170 idmançı ilə yarışlarda təmsil olunacaq.
Beləliklə, oyunlarda iştirakını təsdiqləyən ölkələrin sayı 8-ə yüksəlib. Daha əvvəl iştirakını rəsmiləşdirən ölkələr:
- Azərbaycan – 349 idmançı
- Rusiya – 263
- Qazaxıstan – 259
- Özbəkistan – 257
- Belarus – 255
- Tacikistan – 202
- Qırğızıstan – 85
- Türkmənistan – 170
Bu günə qədər qeydiyyatdan keçmiş nümayəndə heyətlərinin ümumi sayı 2 666 nəfər, onların içində isə 1 846 nəfər idmançıdır. Yarışlarda 477 nəfər komanda, 1 363 nəfər fərdi növlərdə mübarizə aparacaq.
Yarış haqda ətraflı
III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində baş tutacaq. Yarışlar Azərbaycanda 7 şəhərdə yerləşən 12 idman obyektində, ümumilikdə 23 idman növü üzrə keçiriləcək.



