“Liverpul” bu yay transferlərdən artıq 200 milyon funt sterlinqdən (231 milyon avro) çox gəlir əldə edib. Buna səbəb 19 yaşlı vinger Ben Doukun rəsmi olaraq “Bornmut”a keçididir.
Gənc şotlandiyalı futbolçu “albalılar” ilə beşillik müqavilə imzalayıb. Müqavilənin dəyəri 25 milyon funt (29 milyon avro) təşkil edib.
Onun transferi “Liverpul”un yay satışlarındakı növbəti addım olub. Komandadan bu yay həmçinin Luis Dias, Darvin Nunyes, Trent Aleksander-Arnold, Kelleher və Kvansa ayrılıb. Bu satışlardan gələn vəsait klubun yeni oyunçuların alınmasına xərclədiyi 300 milyon funt (348 milyon avro)un bir hissəsini kompensasiya edəcək.
Bununla belə, xərclərin daha da artması mümkündür: “qırmızılar” hələ də “Kristal Pelas”ın müdafiəçisi Mark Geyi və “Nyukasl”ın hücumçusu Aleksandr İsakla maraqlanır. Hər iki transfer klub üçün azı 150 milyon funt (174 milyon avro)a başa gələ bilər.
Bundan əlavə, yeni satışlar da gözlənilir: sol müdafiədə Miloş Kerkesin gəlişindən sonra ehtiyatda qalan Kostas Simikas “Nottingem Forest”ə keçə bilər. Yarımmüdafiəçi Harvi Elliot isə “RB Leypsiq” ilə danışıqlar aparır — almanlar Xavi Simonsun gələcəyi ilə bağlı vəziyyət aydınlaşandan sonra rəsmi təklif verməyi planlaşdırır.



