Bakıda keçirilən Çempionlar Liqasının pley-off cavab oyununda “Qarabağ” “Ferentsvaroş”u qəbul etdi. Oyunun ilk hissəsi gərgin başladı. Artıq 12-ci dəqiqədə qonaqlar hesabı açdı – Cozef ev sahiblərinin müdafiəsindəki səhvdən yararlandı. Lakin az sonra “Qarabağ” cavab verdi: Andrade cinahdan keçərək rəqib cərimə meydançasına daxil oldu və hesabı bərabərləşdirdi.
45-ci dəqiqədə Azərbaycan təmsilçisi irəli çıxdı – qapıçının uzun ötürməsini Andrade qəbul etdi, topu Zubirə ötürdü və o da dəqiq zərbə ilə hesabı 2:1 etdi.
İkinci hissədə isə “Ferentsvaroş” geri döndü. 55-ci dəqiqədə Medina rəqibə qarşı qayda pozuntusu etdi və hakim penalti təyin etdi. Varga zərbəni dəqiq yerinə yetirərək hesabı yenidən bərabərləşdirdi.
81-ci dəqiqədə Tot cərimə zərbəsini ustalıqla icra etdi və macarlar irəli keçdi – 3:2.
Lakin bu qələbə “Ferentsvaroş”a kifayət etmədi. İki oyunun nəticəsinə görə “Qarabağ” 5:4 hesabı ilə üstün oldu və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bakıda final fitindən dərhal sonra atəşfəşanlıq təşkil edildi. “Ferentsvaroş” isə Avropa Liqasının qrup mərhələsində mübarizəni davam etdirəcək.
Çempionlar Liqası. Pley-off, cavab oyunu. Bakı
Qarabağ – Ferentsvaroş 2:3 (ümumi hesab 5:4)
Qollar: Andrade (25), Zubir (45) – Cozef (12), Varga (55, pen.), Tot (81)



