“Barselona”nın əfsanəvi futbolçusu, son vaxtlar “İnter Mayami”də çıxış edən Serxio Buskets peşəkar karyerasını başa vurduğunu açıqlayıb. 37 yaşlı yarımmüdafiəçi bu barədə öz sosial şəbəkə hesablarında məlumat verib və futbola təşəkkürünü bildirib: “Hər kəsə və futbola təşəkkür edirəm. Siz həmişə bu gözəl hekayənin bir parçası olaraq qalacaqsınız”.
Buskets karyerasına 2008-ci ildə “Barselona”da start verib və 2023-cü ilin yayına qədər Kataloniya klubunun əsas üzvlərindən biri olub. Uzun və parlaq 15 mövsümdən sonra İspaniya millisinin də aparıcı üzvü olan futbolçu “İnter Mayami” ilə müqavilə imzalayıb.
İspaniya millisində 143 oyun keçirən Buskets 2 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun adı həm ölkə, həm də klub səviyyəsində ən böyük futbol əfsanələri sırasında yer alır.