“Williams” komandasının pilotu Aleks Albon Formula 1 karyerasında növbəti əlamətdar məqama hazırlaşır. Tayland əsilli sürücü qarşıdakı İspaniya Qran-prisində start almaqla komandanın tarixində ən çox yarış keçirən pilot adına sahib çıxacaq.
Hazırda Albon “Williams” forması ilə keçirdiyi yarış sayına görə komandanın əfsanələri arasında yer alır. Monako Qran-prisindən sonra o, həm Ralf Şumaxerin göstəricisini geridə qoyub, həm də Naycel Mensellin rekorduna çatıb. Barselonadakı yarış isə onun bu siyahıda tək lider olmasına imkan verəcək.
Əfsanələrlə eyni sırada
İspaniya mərhələsi Albon üçün “Williams” heyətində 95-ci start olacaq və bu göstərici klub tarixində yeni rekord kimi qeydə alınacaq. Son illərdə komandanın əsas simalarından birinə çevrilən pilot həm nəticələri, həm də sabit çıxışları ilə diqqət çəkir.
Albon bu nailiyyətlə bağlı emosiyalarını da bölüşüb. O bildirib ki, uşaqlıq illərində Naycel Mensell onun üçün ilham mənbəyi olub:
“Naycel Mensell həm “Williams”, həm də Formula 1 tarixinin ən böyük adlarından biridir. Bu rekord mənim üçün sadəcə rəqəm deyil. Son beş ildə atdığım hər addım komandanın böyük zəhmətinin nəticəsidir. Adımın Mensell, Deymon Hill və Ralf Şumaxer kimi pilotlarla eyni sırada çəkilməsi böyük qürurdur”.
Albon 2022-ci ildən “Williams”ın şərəfini qoruyur və komandanın yenidən rəqabətədavamlı kollektivə çevrilməsində mühüm rol oynayıb. Son mövsümlərdə topladığı xallar və stabil performansı onu komandanın əsas liderlərindən birinə çevirib.
İspaniya Qran-prisində qeydə alınacaq rekord Albonun “Williams” tarixindəki yerini daha da möhkəmləndirəcək və onun komanda ilə keçdiyi uğurlu yolun növbəti simvolik mərhələsi olacaq.




