Aqbason FIBA U-18 Avropa çempionatında iki tarixi rekorda imza atdı

Azərbaycanın U-18 oğlan basketbol millisinin üzvü Emmanuel Aqbason FIBA U-18 Avropa çempionatının B divizionunda fərdi göstəriciləri ilə diqqət mərkəzinə düşüb. Cəmi 16 yaşı olan mərkəz oyunçusu turnir ərzində nümayiş etdirdiyi çıxış sayəsində yarışın rekordlar kitabına adını yazdırıb və FIBA-nın turnirin yekunlarına həsr etdiyi xüsusi icmalda ən parlaq basketbolçulardan biri kimi qiymətləndirilib.

Səkkiz oyunda iştirak edən Aqbason orta hesabla 16,4 xal, 16,6 ribaund, 1,1 məhsuldar ötürmə, 2,5 topalma və 5 blok-şotla yadda qalıb. Onun orta faydalılıq əmsalı isə 30,9 təşkil edib. Bu nəticələr sayəsində azərbaycanlı basketbolçu ribaund, blok və faydalılıq göstəricilərində turnirin lideri olub, ən çox xal qazanan oyunçular arasında ilk beşlikdə qərarlaşıb.

Tarixi rekordlar və yaddaqalan çıxışlar

Emmanuel Aqbason B divizionunun tarixində orta hesabla 16,6 ribaundla yeni rekord müəyyənləşdirib. Bununla o, 2006-cı ildə İngiltərə millisinin heyətində çıxış etmiş Den Klarkın 15,9 ribaundluq göstəricisini geridə qoyub.

Gənc basketbolçu blok göstəricisində də turnirin yeni rekordçusuna çevrilib. Onun hər oyunda orta hesabla etdiyi 5 blok 2011-ci ildə slovakiyalı Boris Boyanovskinin müəyyənləşdirdiyi 4,2 blokluq rekordu yeniləyib. Aqbasonun 30,9 faydalılıq əmsalı isə yarış tarixinin ikinci ən yaxşı nəticəsi kimi qeydə alınıb. Bu göstəricidə rekord hələ də 2011-ci ildə 32 əmsal toplayan Boyanovskiyə məxsusdur.

Turnir ərzində Aqbason bir neçə möhtəşəm fərdi performans da nümayiş etdirib. O, Portuqaliya ilə görüşdə 18 xal, 12 ribaund və 8 blok, Monteneqroya qarşı matçda isə 21 xal, 22 ribaund və 9 blokla tripl-dabl həddinə çox yaxın olub. İslandiya ilə son qarşılaşmada isə 23 xal və 23 ribaund toplayaraq turnirin ən yaddaqalan fərdi çıxışlarından birinə imza atıb.

Bütün bu fərdi nailiyyətlərə baxmayaraq, Azərbaycanın U-18 millisi çempionatı 16-cı pillədə başa vurub. Bununla belə, Emmanuel Aqbasonun çıxışı ölkə basketbolu üçün gələcək adına ən ümidverici məqamlardan biri kimi qiymətləndirilir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni