UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub. Londonun “Arsenal” klubu yarımfinalın cavab oyununda “Atletiko” Madrid üzərində minimal hesablı qələbə qazanaraq həlledici mərhələyə vəsiqə əldə edib. İlk oyunun 1:1 hesabı ilə başa çatmasını nəzərə alsaq, ümumi nəticə İngiltərə təmsilçisinin xeyrinə oldu.
Görüşün taleyini ilk hissənin sonlarında vurulan qol həll edib. 45-ci dəqiqədə Bukayo Saka dəqiq zərbə ilə komandasını önə keçirib və bu qol matçın yeganə qolu kimi tarixə düşüb. “Arsenal” bu mövsüm Çempionlar Liqasında məğlubiyyət yaşamadan finala yüksəlməklə diqqət çəkib – komandanın aktivində 11 qələbə və 3 heç-heçə var.
London klubu tarixində yalnız bir dəfə – 2005/2006 mövsümündə final oynayıb və həmin vaxt “Barselona”ya 1:2 hesabı ilə uduzub. İndi isə “topçular” 20 ildən sonra yenidən Avropanın ən nüfuzlu klub turnirinin finalında çıxış etmək şansı qazanıb.
İkinci finalçı bu gün müəyyənləşəcək
Çempionlar Liqasının digər finalçısı isə bu gün məlum olacaq. Almaniyada keçiriləcək cavab oyununda “Bayern Münhen” doğma azarkeşlər önündə PSJ-ni qəbul edəcək. İlk qarşılaşma dramatik alınıb və Paris təmsilçisi 5:4 hesablı qələbə qazanıb.
Bu səbəbdən Münhendəki matçda intriqa maksimum səviyyədədir. Alman klubu azarkeş dəstəyi ilə geri dönüş etməyə çalışacaq, PSJ isə üstünlüyünü qoruyaraq finala yüksəlmək istəyir.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
6 may
23:00. “Bayern Münhen” – PSJ
(İlk oyun – 4:5)
Qeyd edək ki, bu cütün qalibi finalda “Arsenal”la qarşılaşacaq. Turnirin həlledici oyunu mayın 30-da Budapeştdə yerləşən “Puşkaş Arena”da keçiriləcək.



