AVRO-2026 Bakıda başlayır: Azərbaycan ilk oyununu Portuqaliyaya qarşı keçirəcək

Bakıda qadın voleybolçular arasında AVRO-2026-nın C qrupunun oyunlarına start verilir. Azərbaycan millisi qitə çempionatında ilk görüşünü Portuqaliya yığmasına qarşı keçirəcək.

Qarşılaşma Milli Gimnastika Arenasında təşkil olunacaq və saat 19:00-da başlayacaq. Oyundan əvvəl, saat 18:15-də Avropa çempionatının Bakı mərhələsinin açılış mərasiminin keçirilməsi nəzərdə tutulub.

Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan yığmasının turnir üçün yekun heyətində 14 voleybolçu yer alıb. Komandanın kapitanı Ayşən Abduləzimovadır. Heyətdə Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko və digər voleybolçular da yer alırlar.

Azərbaycanı C qrupunda ciddi rəqabət gözləyir

Milli komanda Portuqaliyadan başqa Niderland, Belçika, Rumıniya və İspaniya ilə qarşılaşacaq. Altı komandalı qrupda ilk dörd yeri tutan kollektivlər turnirin pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Azərbaycanın Portuqaliya ilə görüşündən sonra C qrupunda növbəti oyunlar avqustun 22-də keçiriləcək. Həmin gün Belçika İspaniya ilə, Rumıniya isə Niderlandla üz-üzə gələcək. Azərbaycan millisi ikinci matçını avqustun 23-də İspaniyaya qarşı keçirəcək.

AVRO-2026 çərçivəsində Bakıda ümumilikdə 15 qrup oyunu nəzərdə tutulub. C qrupunun qarşılaşmaları avqustun 21-dən 28-dək Milli Gimnastika Arenasında baş tutacaq.

Qadınlar arasında Avropa çempionatı isə sentyabrın 6-dək davam edəcək. 24 komandanın iştirak etdiyi turnirə Azərbaycanla yanaşı Türkiyə, Çexiya və İsveç də ev sahibliyi edir. Yarış ümumilikdə 76 qarşılaşmadan ibarətdir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni