Azərbaycan cüdo millisi iyunun 19-21-də Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək “Böyük Dəbilqə” turnirində geniş heyətlə təmsil olunacaq. Dünya Cüdo Turunun növbəti mərhələsi hesab edilən yarışda ölkəmizin 17 idmançısı 12 çəki dərəcəsində tatamiyə çıxacaq.
Reytinq xalları baxımından böyük əhəmiyyət daşıyan turnir aparıcı cüdoçular üçün də mühüm sınaq olacaq. Azərbaycan yığması həm medal uğrunda, həm də beynəlxalq reytinqdə mövqeyini möhkəmləndirmək üçün mübarizə aparacaq.
Azərbaycanın heyəti açıqlanıb
Kişilər:
- 60 kq – Əhməd Yusifov, Balabəy Ağayev
- 66 kq – Nizami İmranov, Ruslan Paşayev
- 73 kq – Hidayət Heydərov, Rəşid Məmmədəliyev
- 81 kq – Zelim Tçkayev
- 90 kq – Murad Fətiyev, Aslan Kotsoyev
- 100 kq – Zelim Kotsoyev
- +100 kq – Camal Qamzatxanov, Kənan Nəsibov
Qadınlar:
- 48 kq – Şəfəq Həmidova
- 52 kq – Gültac Məmmədəliyeva
- 63 kq – Fidan Əlizadə
- 70 kq – Südabə Ağayeva
- +78 kq – Madina Kaisinova
Komandaya kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik rəhbərlik edəcəklər. Qadınlardan ibarət millinin hazırlığına isə baş məşqçi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar nəzarət edəcək.
Ulan-Batorda keçiriləcək yarış üç gün davam edəcək. Turnirə dünyanın 59 ölkəsindən ümumilikdə 455 cüdoçu qatılacaq. İştirakçılar arasında 254 kişi və 201 qadın idmançı yer alacaq.
Azərbaycan cüdosu hakim korpusunda da təmsil olunacaq. Federasiyanın Hakimlər Komitəsinin üzvü, A kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev yarışın hakimləri sırasında fəaliyyət göstərəcək.




