“Formula 1” üzrə Azərbaycan Qran-prisinin keçirildiyi 10 il ərzində marşal proqramına maraq əhəmiyyətli dərəcədə artıb. Bu müddətdə yarışlarda marşal kimi iştirak etmək üçün ümumilikdə 35 mindən çox müraciət qeydə alınıb.
Bakıda ilk “Formula 1” yarışı 2016-cı ildə keçirilib. Həmin vaxt marşalların böyük hissəsi Bəhreyndən dəvət olunsa da, artıq 2017-ci ildən etibarən yerli marşallar üstünlük təşkil etməyə başlayıblar.
Marşal proqramına maraq ildən-ilə artır
2017-ci ildə Azərbaycan Qran-prisində marşal olmaq üçün 2379 nəfər müraciət etmişdisə, 2026-cı ildə bu göstərici 4201 nəfərə çatıb.
Yubiley yarışında Bakı Şəhər Halqası boyunca yaradılacaq 40 marşal postunda ümumilikdə 1100 marşalın fəaliyyət göstərməsi planlaşdırılır.
Marşallar trasda təhlükəsizliyin təmin edilməsində və yarışın operativ təşkilində mühüm rol oynayırlar. Proqramı uğurla tamamlayan iştirakçılar Azərbaycan Avtomobil Federasiyası tərəfindən FIA-nın tanıdığı beynəlxalq marşal lisenziyası əldə etmək imkanı qazanırlar. Bu sənəd onlara Azərbaycandan kənarda keçirilən beynəlxalq avtomobil yarışlarında da iştirak etmək imkanı verir.
Ötən il Bakıdakı Qran-pridə 1200-ə yaxın marşal çalışıb və onların 100-dən çoxu xarici ölkələrdən gəlmişdi.
2026-cı il Azərbaycan Qran-prisi sentyabrın 24–26-da Bakı Şəhər Halqasında keçiriləcək. 6,003 kilometrlik şəhər trasında əsas yarış 51 dövrədən və ümumilikdə 306,049 kilometrlik məsafədən ibarət olacaq.
Bakıdakı builki mərhələ Azərbaycan Qran-prisinin “Formula 1” təqvimində 10-cu yubiley yarışı kimi tarixə düşəcək.





