Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan millisinin daha üç üzvü mübarizəni uğurla davam etdirib. Sübhan Mamedov, Malik Həsənov və Məhəmməd Abdullayev qələbə qazanaraq 1/4 final mərhələsinə vəsiqə əldə ediblər.
Beləliklə, daha əvvəl növbəti mərhələyə yüksələn iki təmsilçimiz də nəzərə alınmaqla, Azərbaycan millisinin 1/4 finaldakı boksçularının sayı beşə çatıb. Yığma Sofiyadakı yarışda kişilər arasında bütün 10 çəki dərəcəsində, qadınlarda isə bir çəki dərəcəsində təmsil olunur.
Mamedov və Həsənov rəqiblərinə şans vermədilər
50 kq çəki dərəcəsində mübarizə aparan Sübhan Mamedov 1/8 finalda Albaniya təmsilçisi Emanuel Koça ilə qarşılaşıb. Dünya çempionu döyüşü hakimlərin yekdil qərarı ilə 5:0 hesabında qazanıb. Hakimlərin xalları 30:27, 30:26, 30:27, 30:27 və 30:27 olub. Mamedov 1/4 finalda macarıstanlı İştvan Szaka ilə üz-üzə gələcək.
65 kq çəkidə Malik Həsənov da növbəti mərhələyə adlayıb. İlk görüşündə türkiyəli Bilge Kağan Kanlını 5:0 hesabı ilə üstələyən Avropa çempionatının mükafatçısı ikinci döyüşündə Bolqarıstan təmsilçisi Rumen Rumenovla qarşılaşıb. Həsənov artıq ilk raundda tam üstünlüklə qalib elan olunub. Onun 1/4 finaldakı rəqibi Elvin Əliyev olacaq.
Məhəmməd Abdullayev də mübarizəyə qələbə ilə başladı
+90 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev ilk görüşünü 1/8 final mərhələsində keçirib. Dünya Kubokunun qalibi Moldova boksçusu Nikolay Burdiujanı üçüncü raundda tam üstünlüklə məğlub edərək 1/4 finala çıxıb.
Abdullayev yarımfinala vəsiqə uğrunda norveçli Omar Şiha ilə qarşılaşacaq.
Mamedov, Həsənov və Abdullayevin 1/4 final döyüşlərinin hamısı sentyabrın 22-də keçiriləcək. Sentyabrın 17-də başlayan Avropa çempionatına sentyabrın 25-də yekun vurulacaq. Yarışda 40 ölkədən 400-dən çox boksçunun iştirakı nəzərdə tutulub.





