Azərbaycanda MMA azarkeşlərinin səbirsizliklə gözlədiyi UFC turniri ilə bağlı yeni detallar bəlli olub. Yaxın vaxtlarda Bakıda keçiriləcək mötəbər döyüş gecəsinin əsas qarşılaşmaları artıq açıqlanıb və gecənin diqqət mərkəzində olacaq döyüş də rəsmiləşib.
Turnirin əsas hadisəsində azərbaycanlı döyüşçü Rafael Fiziyev oktaqona çıxaraq meksikalı rəqibi İqnasio Torres ilə üz-üzə gələcək. Bu qarşılaşma həm yerli azarkeşlər, həm də beynəlxalq MMA ictimaiyyəti üçün böyük maraq doğurur.
Fiziyev üçün vacib sınaq
Rafael Fiziyev doğma publika qarşısında çıxış edəcək və bu amil onun üçün əlavə motivasiya sayılır. Döyüşçünün son nəticələri də diqqət mərkəzindədir — o, əvvəlki məğlubiyyətdən sonra yenidən qalibiyyət yoluna qayıtmağa çalışacaq.
Onun rəqibi İqnasio Torres isə aqressiv döyüş tərzi ilə seçilir. Meksikalı idmançının UFC-də keçirdiyi bütün döyüşlərin ilk raundda başa çatması onun təhlükəli və sürətli olduğunu göstərir. Bu isə qarşılaşmanın tempinin yüksək olacağını və erkən nokaut ehtimalını artırır.
Gecənin digər əsas döyüşü
Turnirin ikinci ən vacib qarşılaşması da kifayət qədər maraqlı və gərgin vəd edir. Şara Maqomedov braziliyalı Mişel Pereyra ilə döyüşəcək.
Maqomedov son çıxışları ilə diqqət çəkən və orta çəkidə yüksəlişini davam etdirmək istəyən döyüşçülərdən biridir. Bu qarşılaşma onun üçün reytinqdə irəliləmək baxımından ciddi sınaq sayılır. Pereyra isə son uğursuzluq seriyasını qırdıqdan sonra yenidən gücünü göstərmək niyyətindədir və motivasiyalı şəkildə Bakıya gələcək.
Bütün bu döyüşlər 27 iyun tarixində keçiriləcək UFC gecəsinin proqramına daxildir və turnirin yüksək səviyyədə keçəcəyi gözlənilir.



