“Cadillac” Böyük Britaniya Qran-prisində xüsusi dizaynlı bolidlə çıxış edəcək

Formula 1-in yeni komandası olan “Cadillac” Böyük Britaniya Qran-prisi üçün xüsusi hazırlanmış bolid dizaynını təqdim edib. ABŞ təmsilçisi bu addımı ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə atıb və Silverstounda keçiriləcək yarış həftəsonunda qırmızı, ağ və mavi rənglərdən ibarət xüsusi livereyadan istifadə edəcək.

Xüsusi liveriya ABŞ-ın 250 illiyinə həsr olunub

Formula 1-in Böyük Britaniya mərhələsi iyulun 2-5-i tarixlərində Silverstoun trasında keçiriləcək. Sprint yarışı iyulun 4-nə – ABŞ-ın Müstəqillik Gününə təsadüf edir. Bu il həmin tarix ölkənin müstəqilliyinin 250-ci ildönümü ilə üst-üstə düşdüyündən “Cadillac” bunu xüsusi dizaynla qeyd etmək qərarına gəlib.

Komandanın yeni liveriyası ABŞ bayrağının rəngləri və “ulduzlar və zolaqlar” motivləri əsasında hazırlanıb. Bununla yanaşı, arxa qanadda “USA” yazısı, ön qanadda isə 50 ulduz əks olunub. Bu dizayn komandanın mövsüm ərzində istifadə etdiyi qara-ağ asimmetrik rəng çalarlarından tamamilə fərqlənir.

Peres və Bottas xüsusi bolidlə yarışacaq

ABŞ komandası Silverstounda Serxio Peres və Valtteri Bottasın idarə edəcəyi bolidləri məhz bu xüsusi rəng çalarında təqdim edəcək. Komanda Avstriya Qran-prisində hər iki pilotun yarışı vaxtından əvvəl dayandırmasından sonra uğursuz seriyanı qırmağa və mövsümdə ilk uğurlu nəticələrindən birini əldə etməyə çalışacaq.

“Cadillac” rəhbərliyi bildirib ki, bu layihə təkcə ABŞ-ın tarixi yubileyini qeyd etmək deyil, həm də Formula 1-i yeni azarkeş auditoriyasına tanıtmaq məqsədi daşıyır. Komanda ümid edir ki, Silverstoundakı çıxış həm idman, həm də marketinq baxımından uğurlu olacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni