Cozef Parkerin dopinq qadağası ləğv olundu – rinqə dönüş təsdiqləndi

Keçmiş WBO ağır çəki çempionu Cozef Parker uzun sürən qeyri-müəyyənlikdən sonra yenidən rəsmi şəkildə döyüşmək hüququ qazanıb. The Ring nəşrinin yaydığı məlumata görə, Böyük Britaniyanın Antidopinq Agentliyi (UKAD) boksçuya tətbiq olunan müvəqqəti diskvalifikasiyanı ləğv edib və bununla da onun peşəkar rinqə dönüşünə yaşıl işıq yandırılıb.

34 yaşlı yeni zelandiyalı boksçu ötən il Fabio Uordliyə qarşı keçirdiyi və 11-ci raundda texniki nokautla uduzduğu döyüş günündə kokainə görə müsbət dopinq testi vermişdi. Həmin görüşdən sonra Uordli tamhüquqlu WBO dünya çempionu elan olunmuşdu. Parker isə istintaq müddətində günahsız olduğunu dəfələrlə vurğulayaraq qadağan olunmuş maddədən bilərək istifadə etmədiyini bildirib.

Parker: “Mən mümkün qədər tez rinqə qayıtmaq istəyirdim”

İstintaq davam etdiyi müddətdə Parker məşqlərini dayandırmayıb, müxtəlif boks tədbirlərində iştirak edib və dostu Tayson Fyuri ilə birlikdə hazırlığını davam etdirib. O, The Ring-ə açıqlamasında yaşadığı vəziyyətin onun üçün böyük zərbə olduğunu demişdi:

“Bu xəbəri eşidəndə sarsıldım. Hazırlıq dövründə bütün könüllü dopinq testlərindən keçirsən, amma döyüş günü belə bir nəticə ilə üzləşirsən. Prosesi sona qədər izləyəcəyəm və mümkün qədər tez rinqə qayıtmaq istəyirəm.”

Parker həmçinin bildirib ki, əgər qəsdən qayda pozuntusuna yol versəydi, bunu etiraf edərdi. Onun sözlərinə görə, dünya çempionluğu uğrunda mübarizəyə bu qədər yaxın olduğu bir vaxtda bilərəkdən riskə getməsi məntiqsiz olardı.

Səkkiz aylıq gözləntidən sonra ağır çəki boksçusu yenidən döyüşlərə çıxmağa hazırlaşır. O, sosial şəbəkədə Yeni Zelandiyada keçiriləcək qarşılaşma üçün rəqib axtardığını yazmış, daha sonra rəqibin tapıldığını və döyüşlə bağlı əlavə məlumatın yaxın vaxtlarda açıqlanacağını təsdiqləmişdi.

Parker yaxın günlərdə promouter kimi də fəaliyyət göstərəcək. O, Devid Nikyanın Floyd Massonla keçirəcəyi IBF final eliminator görüşündə iştirak edəcək.

Boksçu açıqlamasında bunları deyib:

“Müvəqqəti diskvalifikasiyamın ləğv olunduğunu təsdiqləməkdən məmnunam və tezliklə rinqə qayıdacağam. Hazırda proses tam yekunlaşana qədər əlavə açıqlama verməməyim tövsiyə olunub. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm və hamını şənbə günü Devid Nikyanı dəstəkləməyə çağırıram. İnanıram ki, o, qalib gələrək Yeni Zelandiya üçün dünya çempionluğu uğrunda döyüş şansı qazanacaq.”

Qeyd edək ki, Nikya – Masson cütünün qalibi daha sonra Avropa çempionu Viddal Rayli ilə vakant kəmər uğrunda qarşılaşacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni