2026-cı il dünya çempionatının ikinci turunda daha iki maraqlı qarşılaşma baş tutub. D qrupunda ABŞ millisi Avstraliya üzərində inamlı qələbə qazanaraq vaxtından əvvəl pley-off mərhələsinə vəsiqəni təmin edib. C qrupunda isə Mərakeş yığması Şotlandiyanı minimal hesabla məğlub edərək turnirdə vacib üç xal əldə edib.
ABŞ millisi Sietldə yerləşən “Lumen Field” stadionunda keçirilən görüşdə Avstraliyanı 2:0 hesabı ilə məğlub edib. Meydan sahibləri ilk hissədə vurulan qollar sayəsində oyunun taleyini həll ediblər. Hesab 11-ci dəqiqədə Burgessin avtoqolundan sonra açılıb. Fasiləyə az qalmış Friman fərqi artıraraq ABŞ komandasının üstünlüyünü möhkəmləndirib.
Bu nəticə ilə amerikalılar qrupda xallarının sayını artıraraq növbəti mərhələyə yüksəlməyi rəsmiləşdiriblər. D qrupunda ABŞ və Avstraliya ilə yanaşı Türkiyə və Paraqvay milliləri də mübarizə aparırlar.
DÇ-2026. D qrupu, II tur
ABŞ – Avstraliya – 2:0
Qollar: Burgess, 11 (avtoqol), Friman, 43
Mərakeşə qələbəni erkən qol gətirdi
C qrupunda keçirilən Şotlandiya – Mərakeş qarşılaşmasının taleyi isə oyunun elə başlanğıcında həll olunub. Foksborodakı “Gillette Stadium”da baş tutan görüş Mərakeş millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın cəmi ikinci dəqiqəsində Brahim Diasın ötürməsindən sonra İsmael Saybari fərqlənərək komandasını önə çıxarıb. Qalan vaxt ərzində hər iki tərəf qol imkanları yaratsa da, hesab dəyişməyib.
İki turdan sonra Mərakeşin aktivində 4 xal var. Komanda ilk oyunda Braziliya ilə 1:1 hesablı heç-heçə edib. Şotlandiya isə Haiti üzərində qələbə sayəsində 3 xalla qrupda mübarizəsini davam etdirir.
DÇ-2026. C qrupu, II tur
Şotlandiya – Mərakeş – 0:1
Qol: Saybari, 2




