FİFA 2026-cı il dünya çempionatının final oyununu idarə edəcək hakimlər briqadasını rəsmən açıqlayıb. Turnirin həlledici görüşü olan İspaniya – Argentina qarşılaşması sloveniyalı referi Slavko Vinçiçə həvalə olunub.
46 yaşlı hakimə yan xəttdə həmyerliləri Tomaž Klançnik və Andraj Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını iordaniyalı Adham Maxadmeh, ehtiyat köməkçi hakim vəzifəsini isə onun həmyerlisi Mohammad Alkalaf yerinə yetirəcək.
Təcrübəli referiyə növbəti böyük etimad
2010-cu ildən FİFA referisi olan Slavko Vinçiç Avropanın ən nüfuzlu hakimlərindən biri hesab edilir. O, daha əvvəl UEFA Çempionlar Liqasının 2024-cü il finalını, həmçinin 2021-ci il UEFA Avropa Liqasının finalını idarə edib. Bu dünya çempionatında isə Braziliya – Mərakeş, Əlcəzair – İordaniya və Meksika – Ekvador qarşılaşmalarında baş hakim kimi fəaliyyət göstərib.
FİFA həmçinin üçüncü yer uğrunda keçiriləcək Fransa – İngiltərə oyununa hakim təyinatını da açıqlayıb. Bu görüşü venesuelalı Xesus Valensuela idarə edəcək.
Dünya çempionatında bürünc medal uğrunda qarşılaşma Bakı vaxtı ilə 19 iyul saat 01:00-da, final isə 19 iyul saat 23:00-da start götürəcək. Futbol azarkeşlərinin böyük maraqla gözlədiyi həlledici matç ABŞ-ın Nyu-Cersi ştatındakı MetLife Stadiumunda keçiriləcək.




