DÇ-2026 üçün hakimlər siyahısı açıqlandı – FIFA tarixinin ən geniş heyəti

FIFA 2026-cı il dünya çempionatında oyunları idarə edəcək hakimlərin siyahısını rəsmi şəkildə təqdim edib. Üç ildən artıq davam edən geniş və çoxmərhələli seçim prosesindən sonra müəyyənləşdirilən heyət turnir tarixində ən böyük hakim korpusu kimi yadda qalacaq.

Qurumun açıqlamasına əsasən, mundialda ümumilikdə 52 baş hakim, 88 köməkçi hakim və 30 VAR (video köməkçi hakim) mütəxəssisi iştirak edəcək. Bu heyət altı konfederasiyanın hamısını və 50 üzv assosiasiyanı təmsil edir.

Seçim zamanı əsas meyar kimi hakimlərin yüksək səviyyəli turnirlərdə göstərdikləri sabit performans və keyfiyyətli idarəçilik qabiliyyəti götürülüb.

Yeni texnologiyalar və rekord turnir

FIFA Hakimlər Komitəsinin sədri Pierluici Kollina bildirib ki, seçilən hakimlər dünyanın ən güclüləri arasından müəyyənləşdirilib: “Bu siyahıya düşənlər son üç ildə diqqətlə izlənilib, beynəlxalq yarışlarda sınaqdan keçib və mütəmadi qiymətləndirilib. Məqsədimiz onların turnirə həm fiziki, həm də psixoloji baxımdan tam hazır şəkildə gəlməsini təmin etməkdir”.

2026-cı il dünya çempionatı bir sıra yeniliklərlə də yadda qalacaq. İlk dəfə 48 komandanın iştirak edəcəyi turnirdə ümumilikdə 104 oyun keçiriləcək ki, bu da hakimlər üçün daha böyük məsuliyyət deməkdir. Kollina əlavə edib ki, əvvəlki mundialla müqayisədə hakimlərin sayı 40-dan çox artırılıb.

Turnir zamanı hakimlər hər gün xüsusi məşqlər keçəcək, analitiklər isə onların hər oyuna daha yaxşı hazırlaşması üçün detallı məlumat təqdim edəcəklər. Bundan əlavə, qadın hakimlərin sayının artırılması istiqamətində də mühüm addım atılıb və bu dəfə də bir neçə qadın referi siyahıya daxil edilib.

Texnologiya da hakimlərin işində mühüm rol oynayacaq. Turnirdə qapı xətti texnologiyası, təkmilləşdirilmiş yarı-avtomat ofsayd sistemi və “ağıllı top” texnologiyası tətbiq ediləcək. İlk dəfə olaraq azarkeşlər hakimlərin baxış bucağından görüntüləri izləyə biləcəklər.

FIFA Hakimlik Departamentinin direktoru Massimo Busakka isə bildirib ki, hazırlıq proqramı Qatar-2022-dən dərhal sonra başlayıb və namizədlər bu müddətdə davamlı şəkildə izlənilib və inkişaf etdirilib.

Qeyd edək ki, hakimlər “Team One” proqramı çərçivəsində Mayamidə toplanacaq və turnirə qədər intensiv hazırlıq keçəcəklər.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni