Fransa millisinin baş məşqçisi Didye Deşam dünya futbolu tarixinə daha bir mühüm nailiyyət əlavə edib. Təcrübəli mütəxəssis FIFA Dünya Çempionatlarının final mərhələlərində qazanılan qələbələrin sayına görə bütün dövrlərin rekordçusuna çevrilib.
Bu göstərici Fransa yığmasının 2026-cı il dünya çempionatının 1/16 finalında İsveç üzərində 3:0 hesablı inamlı qələbəsindən sonra rəsmiləşib. FIFA-nın açıqladığı statistikaya əsasən, bu uğur Deşamın mundialların final mərhələsində baş məşqçi kimi qazandığı 17-ci qələbə olub və o, bununla Almaniya millisinin sabiq çalışdırıcısı Helmut Şönü geridə qoyub.
Hazırda 57 yaşlı Didye Deşam dünya çempionatlarında baş məşqçi kimi 22 oyun keçirib. Helmut Şön isə Almaniya millisini mundiallarda ümumilikdə 25 görüşə çıxarıb. Fransa turnirdə irəliləməyə davam edərsə, Deşam bu rekordu da yeniləmək imkanı qazanacaq.
Deşam 2012-ci ildən Fransa millisini çalışdırır və bu müddətdə komandanı dünya futbolunun aparıcı kollektivlərindən birinə çevirib. Onun rəhbərliyi altında “xoruzlar” 2018-ci ildə dünya çempionu olub, 2022-ci ildə mundialın finalına yüksəlib. Fransa yığması həmçinin Avropa çempionatlarında bir dəfə gümüş, bir dəfə isə bürünc medal qazanıb.




