Ağır çəki üzrə boksda maraqlı qarşılaşmalardan birinin davamı gəlir. Fabio Vordli Daniel Dübua ilə keçirdiyi dramatik döyüşdən sonra revanş hüququndan istifadə etdiyini açıqlayıb və ikinci görüşün ilin sonuna qədər keçirilməsi planlaşdırılır.
İlk qarşılaşma gərgin və qanlı mübarizə ilə yadda qalmışdı. Vordli döyüşün əvvəlində iki dəfə rəqibini nokdauna göndərsə də, Dübua toparlanaraq 11-ci raundda texniki nokautla qələbə qazanmışdı.
Döyüşdən sonra açıqlama verən Fabio Vordli səhvlərini etiraf edib və revanşda fərqli nəticə əldə edəcəyinə əmin olduğunu bildirib:
“Bu, azarkeşlərin uzun müddət xatırlayacağı döyüş oldu. Bəzi səhvlər etdim, amma revanşda hər şeyi düzəldəcəyəm. Məqsədim titulumu geri qaytarmaqdır”.
Onun sözlərinə görə, ikinci qarşılaşma artıq planlaşdırılır və tərəflər ilin sonuna qədər yenidən rinqə çıxacaqlar.
Böyük planlar təxirə düşür
Bu revanşın baş tutması digər böyük döyüş planlarına da təsir göstərir. Xüsusilə gənc britaniyalı boksçu Mozes İtauma titul uğrunda məcburi iddiaçı statusunu əldə etməyə yaxın idi və ilin sonuna qədər çempionluq döyüşünə çıxmalı idi.
Eyni zamanda, ukraynalı çempion Aleksandr Usik də yenidən bütün kəmərləri birləşdirərək mütləq çempion olmaq istədiyini bildirmişdi. Lakin Dübua – Vordli revanşı bu planların bir müddət təxirə salınmasına səbəb ola bilər.
Beləliklə, ağır çəkidə titul uğrunda mübarizə daha da mürəkkəbləşir və yaxın aylarda bokssevərləri bir neçə böyük qarşılaşma gözləyir.




