Futbol üzrə dünya çempionu olmaq hər komandanın arzusudur. Lakin çoxlarının bilmədiyi maraqlı məqamlardan biri odur ki, mundialın qalibi əsl FIFA Dünya Kubokunu daimi olaraq özündə saxlamır. Çempion komandaya yalnız xüsusi hazırlanmış replika təqdim edilir, orijinal kubok isə FIFA-nın nəzarətində qalır.
Bu qayda dünya çempionatının uzun illərə söykənən tarixindən qaynaqlanır. Turnirin ilk mükafatı olan Jül Rime Kubokundan başlayaraq, bu gün istifadə olunan məşhur qızıl kuboka qədər bütün əsas trofeylər xüsusi qorunma altında saxlanılıb.
Braziliya Jül Rime Kubokunu həmişəlik qazanan yeganə ölkə oldu
Dünya çempionatının ilk illərində qaliblərə təqdim olunan mükafat Jül Rime Kuboku adlanırdı. Fransız heykəltəraş Abel Lafler tərəfindən hazırlanan bu kubok qədim yunan qələbə ilahəsi Nikenin təsviri əsasında yaradılmışdı.
Qızıl örtüklü gümüşdən hazırlanan trofeyin hündürlüyü 35 santimetr idi. Həmin dövrdə qüvvədə olan qaydalara əsasən, dünya çempionatını üç dəfə qazanan ölkə kuboku daimi olaraq özündə saxlamaq hüququ əldə edirdi.
Bu uğura ilk və yeganə dəfə Braziliya nail olub. Cənubi Amerika təmsilçisi 1970-ci ildə üçüncü dünya çempionluğunu qazandıqdan sonra Jül Rime Kubokuna həmişəlik sahib çıxıb. Sonradan kubok Braziliyadakı muzeylərdən birində nümayiş etdirilməyə başlanıb.
Müasir FIFA kuboku 1974-cü ildən təqdim olunur
1970-ci il mundialından sonra FIFA yeni mükafat hazırlamaq qərarı verdi. İtaliyalı dizayner Silvio Qazzaniqanın müəllifi olduğu hazırkı FIFA Dünya Kuboku ilk dəfə 1974-cü ildə istifadə olunub.
İtaliyanın GDE Bertoni şirkəti tərəfindən hazırlanan kubok 18 karat qızıldan hazırlanıb. Dizayn iki insan fiqurunun Yer kürəsini yuxarı qaldırmasını əks etdirir. Trofeyin hündürlüyü 36,8 santimetr, çəkisi isə 6,2 kiloqramdır.
Bu kubokun təqdim olunmağa başladığı dövrdən etibarən Almaniya, Argentina, İtaliya, Braziliya, Fransa və İspaniya kimi futbol nəhəngləri dünya çempionu adını qazanıblar.
Lakin qaydalar dəyişib. Müasir dövrdə dünya çempionları mükafatlandırma mərasimində orijinal kuboku qaldırsalar da, onu öz ölkələrinə aparmırlar. FIFA sonradan qalib komandaya ölkənin adı həkk olunmuş qızıl örtüklü mis ərintisindən hazırlanmış replika təqdim edir. Əsl kubok isə təşkilatın mühafizəsində qalır və yalnız xüsusi tədbirlərdə nümayiş etdirilir.
Növbəti FIFA Dünya Çempionatı ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Dünyanın ən güclü milli komandaları yenidən futbol tarixinin ən nüfuzlu kuboku uğrunda mübarizə aparacaqlar.




