EuroVolley Women 2026 kuboku Bakıda təqdim olunacaq

Azərbaycanın ev sahibliyi edəcəyi CEV EuroVolley Women 2026 turniri ərəfəsində Bakıda xüsusi təqdimat mərasimi keçiriləcək. Avropa çempionatının rəsmi kuboku və maskotu iyulun 7-də voleybolsevərlərə təqdim olunacaq.

Azərbaycan Voleybol Federasiyasının yaydığı məlumata əsasən, tədbir Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək. Turnir 21 avqust – 6 sentyabr tarixlərində Azərbaycan, Türkiyə, Çexiya və İsveçdə baş tutacaq.

Kubok təqdimatı və voleybol festivalı keçiriləcək

Təqdimat mərasimi iyulun 7-də saat 12:00-da başlayacaq. Tədbirdə EuroVolley Women 2026-nın kuboku ilə yanaşı, yarışın rəsmi maskotu da ictimaiyyətə nümayiş etdiriləcək.

Həmin gün saat 19:00-da isə voleybol festivalı təşkil olunacaq. Festival çərçivəsində xüsusi fotozonalar, açıq voleybol meydançaları və azarkeşlər üçün müxtəlif əyləncə proqramları hazırlanacaq. İştirakçılar Avropa çempionatının kuboku ilə xatirə şəkilləri çəkdirə, həmçinin Azərbaycan qadın voleybol millisinin üzvləri ilə görüşə biləcəklər.

Bundan başqa, tədbir zamanı fotozonalarda şəkil çəkdirərək sosial şəbəkələrdə #EuroVolleyW həştəqi ilə paylaşım edən azarkeşlərə Avropa çempionatının oyunlarına bilet hədiyyə ediləcək.

Bakı C qrupunun oyunlarına ev sahibliyi edəcək

CEV EuroVolley Women 2026-nın püşkatmasının nəticəsinə əsasən, Azərbaycan millisi C qrupunda mübarizə aparacaq. Bu qrupda ev sahibi komandadan başqa Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları da yer alıb. Qrup mərhələsinin bütün görüşləri avqustun 21-28-də Bakıda yerləşən Milli Gimnastika Arenasında keçiriləcək. Turnirin final mərhələsi isə İstanbulda baş tutacaq.

Bakıda keçiriləcək təqdimat mərasimi və festival Avropa çempionatı öncəsi voleybola marağın artırılması və azarkeşlərin turnir ab-havasını daha yaxından hiss etməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni