Ferrari Şarl Leklerlə uzunmüddətli müqaviləni rəsmiləşdirdi

Formula 1 üzrə Ferrari komandası əsas pilotlarından biri olan Şarl Leklerlə əməkdaşlığını davam etdirmək qərarına gəlib. İtaliya təmsilçisi monakolu sürücünün müqaviləsinin uzadıldığını rəsmi şəkildə açıqlayıb.

Komanda yeni müqavilənin müddətini açıqlamasa da, onun bir neçə mövsümü əhatə etdiyi bildirilib. Mətbuatda yayılan məlumatlara görə, 28 yaşlı pilotla imzalanan yeni razılaşma 2031-ci ilin sonuna qədər nəzərdə tutulub. Qeyd edək ki, əvvəlki müqavilənin müddəti 2029-cu ilə qədər idi.

Lekler: “Ferrari mənim üçün sadəcə komanda deyil”

Yeni müqavilədən sonra danışan Lekler Ferrari ilə yoluna davam etməkdən böyük məmnunluq duyduğunu bildirib:

“Bu səyahəti Ferrari ilə davam etdirməkdən inanılmaz dərəcədə xoşbəxtəm. Bu komanda mənim üçün həmişə adi iş yerindən daha artıq məna daşıyıb. Uşaqlıqdan onun bir hissəsi olmağı arzulamışam və illər ərzində Ferrari mənim ikinci ailəmə çevrilib.

Birlikdə həm möhtəşəm anlar, həm də çətin dövrlər yaşamışıq. Lakin bu gün komandaya inamım əvvəlkindən daha güclüdür. Hamımızın məqsədi eynidir – çempionluq titulunu yenidən Maranelloya qaytarmaq”.

Pilot həmçinin Ferrari azarkeşlərinin dəstəyinin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Ferrari tarixində xüsusi yer

Lekler 2016-cı ildə Ferrari Sürücü Akademiyasına qoşulub. Formula 1-də debütünü isə 2018-ci ildə Sauber komandasında edib. Bir il sonra o, Ferrari-nin əsas heyətinə yüksəlib və o vaxtdan etibarən komandanın liderlərindən birinə çevrilib.

Hazırda monakolu sürücü Ferrari tarixində Formula 1 yarışlarına çıxan pilotlar arasında start sayına görə ikinci yerdədir. O, həmçinin poul mövqelərinin sayına görə də yalnız yeddiqat dünya çempionu Mixael Şumaxerdən geri qalır.

Bu mövsüm Lekler pilotlar sıralamasında 75 xalla üçüncü pillədə qərarlaşıb. O, Mercedes sürücüləri Andrea Kimi Antonelli (131 xal) və Corc Rasseldən (88 xal) geri qalır. Ferrari rəhbərliyi isə yeni müqavilə ilə komandanın gələcəyini məhz Lekler ətrafında qurmaq niyyətində olduğunu nümayiş etdirib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni