Formula 1 üzrə 2026 mövsümü bu həftə Böyük Britaniya Qran-prisi ilə davam edəcək. Mövsümün növbəti mərhələsi əfsanəvi Silverstoun trasında keçiriləcək və sprint formatında baş tutacaq. Komandalar Konstruktorlar Kuboku, pilotlar isə dünya çempionluğu uğrunda mübarizəni davam etdirəcəklər. Yarış həftəsonu iyulun 3-dən 5-dək davam edəcək.
Silverstoun trası və tarixi rekordlar
Böyük Britaniya Qran-prisi ilk dəfə 1926-cı ildə Bruklends trasında keçirilib. Formula 1 dünya çempionatının təqviminə isə 1950-ci ildə daxil edilib və həmin vaxtdan etibarən Silverstoun bu yarışın əsas simvollarından birinə çevrilib. 1954-1986-cı illərdə mərhələ növbə ilə Silverstoun, Eyntri və Brands-Hetç traslarında təşkil olunsa da, 1987-ci ildən etibarən yarış daimi olaraq Silverstounda keçirilir. Tras sonuncu dəfə 2010-cu ildə əsaslı şəkildə yenilənib.
Silverstounun əsas göstəriciləri:
- Trasın uzunluğu: 5,891 km
- Yarış məsafəsi: 52 dövrə (306,198 km)
- Ən sürətli dövrə rekordu: Maks Verstappen – 1:27.097 (2020)
- Ən çox qələbə qazanan pilot: Lyuis Hemilton – 9 qələbə
- Ən uğurlu komanda: Ferrari – 18 qələbə
Sprint formatında keçiriləcək Böyük Britaniya Qran-prisinin proqramı belədir:
3 iyul, cümə
- Sərbəst yürüş
- Sprint təsnifat mərhələsi
4 iyul, şənbə
- Sprint yarışı
- Əsas yarış üçün sıralama turu
5 iyul, bazar
- Böyük Britaniya Qran-prisi
Hazırda Formula 1 təqvimində gərgin çempionluq mübarizəsi davam edir və Silverstoun mərhələsinin həm pilotlar, həm də komandalar arasında sıralamaya ciddi təsir göstərəcəyi gözlənilir. Sprint formatı isə iştirakçılara əlavə xal qazanmaq imkanı yaradacaq.




