Formula 1 bir neçə illik fasilədən sonra yenidən Türkiyəyə qayıtmağa hazırlaşır. İstanbul Park trasının 2026-cı ildən etibarən yenidən təqvimə daxil ediləcəyi gözlənilir və bu qərarın yaxın günlərdə rəsmi şəkildə açıqlanması planlaşdırılır.
Məlumata görə, İstanbulda keçiriləcək təqdimat tədbirində yarışın detalları və uzunmüddətli əməkdaşlıq planı təqdim olunacaq. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Formula 1-in rəhbəri Stefano Domenikalinin iştirakı gözlənilir.
İstanbul Park yenidən diqqət mərkəzində
İstanbul Park trası 2024-cü ildə keçirilmiş tender prosesindən sonra yenidən F1 layihəsinə daxil edilib. Yeni razılaşmanın 2026-cı ildən qüvvəyə minməsi və bir neçə mövsümü əhatə etməsi planlaşdırılır.
Layihə çərçivəsində trasın modernləşdirilməsi, infrastrukturun yenilənməsi və ekoloji təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur. Rəsmilər hesab edir ki, yarış Türkiyə iqtisadiyyatına ciddi töhfə verəcək və ölkənin turizm potensialını daha da gücləndirəcək.
Bununla yanaşı, Formula 1-ə marağı artırmaq üçün xüsusi şou tədbirləri də planlaşdırılır. Red Bull komandasının pilotu Yuki Tsunoda-nın İstanbul küçələrində nümayiş yürüşü etməsi gözlənilir.
İstanbul Park ilk dəfə 2005-ci ildə Formula 1 yarışlarına ev sahibliyi edib. Həmin yarışda Kimi Rəykkönen qalib gəlmiş, Xuan Pablo Montoya isə 1:24.770 nəticə ilə trasın rekordunu müəyyənləşdirmişdi.
Sonrakı illərdə Felipe Massa burada üç dəfə ardıcıl qalib olaraq yadda qalıb. 2010-cu ildə isə Sebastyan Fettel və Mark Uebber arasında baş verən toqquşma yarış tarixinin ən yaddaqalan hadisələrindən biri hesab olunur.
Pandemiya dövründə – 2020-ci ildə təqvimə qayıdan İstanbul Parkda Lyuis Həmilton qələbə qazanaraq yeddinci dünya çempionluğunu rəsmiləşdirmişdi.
Məlumata görə, Türkiyə Qran-prisinin sentyabr ayında Bakı Qran-prisi ilə ardıcıl keçirilməsi variantı da nəzərdən keçirilir. Bu isə regionda Formula 1 təqviminin daha da güclənməsinə səbəb ola bilər.



