“Formula-1”in Bakıda 10 ili: Qran-pri şəhərə nə qazandırdı?

2026-cı ildə “Formula-1” üzrə Azərbaycan Qran-prisi əlamətdar yubileylə yadda qalacaq. Bakı dünyanın ən sürətli və nüfuzlu avtomobil yarışlarından birinə 10-cu dəfə ev sahibliyi edəcək.

İlk yarışın keçirildiyi 2016-cı ildən bəri Bakı Şəhər Halqası “Formula-1” təqviminin özünəməxsus traslarından birinə çevrilib. Şəhərin tarixi mərkəzindən keçən küçə trası yüksək sürət, dar döngələr və uzun start-finiş düzlüklərinin birləşməsi ilə seçilir.

Ötən onillikdə Qran-prinin təsiri yarış həftəsonu ilə məhdudlaşmayıb. Tədbir xarici turist axını, yerli biznes, yeni iş imkanları, könüllülük proqramları və Bakının beynəlxalq auditoriyaya təqdimatı baxımından da əhəmiyyət qazanıb.

2025-ci ildə Azərbaycan Qran-prisini izləmək məqsədilə ölkəyə 14 mindən çox xarici qonaq gəlib. Yarış üçün biletlər 115 ölkədə satılıb, Qran-pri həftəsonunda isə 90 mindən artıq ziyarət qeydə alınıb.

2026-cı il yarışına maraq daha yüksəkdir. Xarici qonaqlara satılan biletlərin sayı artıq ötən ilin yekun göstəricisini üstələyib. 2024-cü ildə isə Qran-priyə bilet alan tamaşaçıların 77 faizi xaricilər olub. Onların 93 faizi Bakıya səfərlərinin əsas səbəbi kimi məhz “Formula-1” yarışını göstərib.

Qran-pri minlərlə insanı iş prosesinə cəlb edir

Azərbaycan Qran-prisinin miqyası onun hazırlanmasında iştirak edən insanların sayında da özünü göstərir. Müvəqqəti yarış infrastrukturunun qurulması və daha sonra sökülməsi prosesində 1400-dən çox mühəndis, texniki mütəxəssis, montajçı və logistika əməkdaşı çalışır.

Yarış həftəsində təşkilati proseslərə təxminən 1500 əməkdaş qoşulur. Bundan əlavə, 2000 könüllü və 1100 marşal Qran-prinin müxtəlif istiqamətlərində fəaliyyət göstərir. Beləliklə, “Formula-1” yalnız turist cəlb edən beynəlxalq tədbir deyil, həm də minlərlə insanın böyükmiqyaslı idman yarışının təşkilində praktiki təcrübə qazandığı platformadır.

Ötən illər ərzində təşkilati proseslərin sürəti də əhəmiyyətli dərəcədə artırılıb. Bakı Şəhər Halqasının Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayevin sözlərinə görə, əvvəllər yarışa hazırlıq təxminən 12 ay çəkirdisə, hazırda bu müddət 4 aya qədər azaldılıb.

2025-ci ildə Qran-pri başa çatdıqdan cəmi 12 saat sonra əsas yol məhdudiyyətlərinin aradan qaldırılması da təşkilati imkanların inkişafını göstərən göstəricilərdən biri olub.

Şəhərdə gündəlik hərəkətə təsiri azaltmaq üçün Qran-pri həftəsində xüsusi tranzit dəhlizlərindən istifadə edilir. 2026-cı ildə onların sayı altıya çatdırılıb. Üzeyir Hacıbəyli küçəsində əlavə tranzit dəhlizinin yaradılması da nəzərdə tutulur.

Bakı Qran-prisinin auditoriyası böyüyür

Yarışa tələbat artdıqca Bakı Şəhər Halqasındakı tamaşaçı infrastrukturu da genişləndirilib. Son üç il ərzində dörd yeni tribuna yaradılıb və mövcud tamaşaçı yerlərinin sayı 6 mindən çox artırılıb. Hazırda tribunaların ümumi tutumu 21 min nəfəri ötür.

Qran-prinin Azərbaycan üçün əsas üstünlüklərindən biri Bakının beynəlxalq tanıtımıdır. “Formula-1”in rəsmi sosial media platformalarındakı ümumi auditoriyası 115 milyondan çoxdur və təqvimdə yer alan şəhərlər yarış həftəsonlarında böyük qlobal diqqət qazanırlar.

2025-ci ildə Azərbaycan Qran-prisini təxminən 300 yerli və xarici media nümayəndəsi işıqlandırıb. Yarışın televiziya auditoriyasında da diqqətçəkən nəticə qeydə alınıb. ABŞ-də ESPN vasitəsilə canlı yayımlanan Bakı Qran-prisini orta hesabla 1,1 milyon tamaşaçı izləyib. Bu, Azərbaycan Qran-prisinin ABŞ televiziyasında indiyədək qeydə alınmış ən yüksək orta auditoriyası olub.

Bakı Şəhər Halqası idman baxımından da “Formula-1” tarixində bir sıra yaddaqalan yarışlara səhnə olub. Şəhər trasının xüsusiyyətləri, yüksək sürətlər və ötmə imkanları Azərbaycan Qran-prisini təqvimin nəticəsi əvvəlcədən proqnozlaşdırılması çətin mərhələlərindən birinə çevirib.

On il ərzində Qran-pri Bakının idman təqvimindəki bir həftəsonundan daha böyük layihəyə çevrilib. Xarici turistlərin ölkəyə gəlməsi hotellər, restoranlar, nəqliyyat və xidmət sektoruna əlavə tələbat yaradır, minlərlə yerli əməkdaş və könüllü isə beynəlxalq tədbirin təşkilində təcrübə qazanır. 2026-cı ildə keçiriləcək 10-cu yarış bu prosesin növbəti mərhələsi olacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni