2026-cı il dünya çempionatının 1/8 final mərhələsində daha iki maraqlı qarşılaşma baş tutub. İngiltərə dramatik oyunda Meksikanı məğlub edərək növbəti mərhələyə yüksəlib, Norveç isə Erlinq Holandın dubli sayəsində Braziliyanı turnirdən kənarlaşdıraraq sensasiya yaradıb. Beləliklə, 1/4 finalda İngiltərə ilə Norveç üz-üzə gələcək.
Meksika – İngiltərə: Bellinqemin dubli və gərgin sonluq
Mexiko şəhərindəki əfsanəvi “Azteca” stadionunda keçirilən qarşılaşma güclü yağış və ildırım səbəbindən bir saat gec başlayıb. Çətin hava şəraitinə baxmayaraq, İngiltərə yığması 3:2 hesablı qələbə qazanaraq adını 1/4 finala yazdırıb.
Avropa təmsilçisi ilk hissədə cəmi iki dəqiqə ərzində üstünlüyü ələ keçirib. Cud Bellinqem 36 və 38-ci dəqiqələrdə fərqlənərək komandasına rahat üstünlük qazandırıb. Fasiləyə qədər Xulian Kinyones hesab arasındakı fərqi minimuma endirib və Meksikanı oyunda saxlayıb.
İkinci hissədə İngiltərə üçün vəziyyət daha da çətinləşib. 54-cü dəqiqədə müdafiəçi Carrell Kuansa qırmızı vərəqə alaraq meydanı tərk edib. Buna baxmayaraq, ingilislər penalti qazanıb və Harri Keyn 60-cı dəqiqədə bunu dəqiq yerinə yetirib. Daha sonra isə Keynin qayda pozuntusundan sonra Meksika da penalti əldə edib və Raul Ximenes 69-cu dəqiqədə fərqlənərək hesabı yenidən minimuma endirib. Son dəqiqələrdə Meksikanın güclü təzyiqinə baxmayaraq, İngiltərə üstünlüyünü qoruyub saxlayıb.
2026 Dünya Çempionatı, 1/8 final
Meksika – İngiltərə – 2:3
Qollar: Kinyones, 42, Ximenes, 69 (pen.) – Bellinqem, 36, 38, Keyn, 60 (pen.)
Qırmızı vərəqə: Kuansa, 54 (İngiltərə)
Braziliya – Norveç: Holand favoritləri mübarizədən kənarlaşdırdı
İst-Raterford şəhərində yerləşən “Meadowlands Arena” stadionunda keçirilən görüş mundialın ən böyük sensasiyalarından biri ilə yadda qalıb. Norveç son dəqiqələrdə vurduğu qollarla Braziliyanı 2:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
Qarşılaşmanın əvvəlində Braziliya hesabı açmaq üçün əla imkan əldə etsə də, 14-cü dəqiqədə Bruno Gimarayeş penalti zərbəsini qola çevirə bilməyib. Norveç qapıçısı Eryan Nyuland komandasını xilas edib.
Uzun müddət qol səsi çıxmayan oyunda həlledici məqam son dəqiqələrdə yaşanıb. Erlinq Holand əvvəlcə 79-cu dəqiqədə hesabı açıb, sonra isə 90-cı dəqiqədə dublunu rəsmiləşdirərək Norveçin üstünlüyünü artırıb. Braziliya yalnız əlavə vaxtın 90+10-cu dəqiqəsində Neymarın penaltidən vurduğu qolla fərqi azalda bilib.
Bu nəticə ilə Norveç 1/4 finalda İngiltərənin rəqibi olub.
2026 Dünya Çempionatı, 1/8 final
Braziliya – Norveç – 1:2
Qollar: Neymar, 90+10 (pen.) – Holand, 79, 90
Qeyri-dəqiq penalti: Bruno Gimarayeş, 14 (Braziliya)




