Azərbaycan voleybolunda son illərin ən diqqətçəkən transferlərindən biri rəsmiləşib. İtaliya millisinin sabiq lideri, dünya voleybolunun ən tanınmış oyunçularından olan İvan Zaytsev yeni mövsümdən etibarən “Ordu” Voleybol Klubunun formasını geyinəcək.
Təcrübəli voleybolçunun Azərbaycan klubuna keçidi həm ölkə voleybolu, həm də azarkeşlər arasında böyük maraq doğurub. Uzun illər beynəlxalq arenada uğurlu çıxışı ilə seçilən Zaytsev karyerası ərzində İtaliya yığmasının əsas simalarından biri olub və komandasının ən mühüm oyunlarında aparıcı rol oynayıb.
Dünya səviyyəli ulduz Azərbaycana gəlir
İvan Zaytsev peşəkar karyerası ərzində Olimpiya Oyunları, dünya və Avropa çempionatları, eləcə də CEV Çempionlar Liqası kimi nüfuzlu turnirlərdə çıxış edib. O, İtaliya Superliqasında nümayiş etdirdiyi yüksək performans sayəsində uzun illər dünya voleybolunun ən güclü oyunçuları sırasında yer alıb.
Meydandakı liderliyi, güclü hücumları və emosional oyun tərzi sayəsində Zaytsev azarkeşlər tərəfindən “The King”, “The Gladiator” və “Io Zar” ləqəbləri ilə tanınır. Onun təcrübəsinin “Ordu” klubunun həm daxili çempionatda, həm də beynəlxalq yarışlarda hədəflərinə çatmasına mühüm töhfə verəcəyi gözlənilir.




