Türkiyə futbolunda uzun müddət gündəmdə qalan Joze Mourinyo – “Qalatasaray” qarşıdurması ilə bağlı məhkəmə qərarı açıqlanıb. İstanbulun 36-cı Anadolu Birinci İnstansiya Məhkəməsi portuqaliyalı mütəxəssisin irəli sürdüyü mənəvi təzminat tələbinin təmin olunmaması barədə qərar qəbul edib.
Mourinyo “Fənərbağça”nın baş məşqçisi olduğu dövrdə “Qalatasaray”a qarşı 1 milyon 907 min türk lirəsi məbləğində təzminat iddiası qaldırmışdı. Təcrübəli çalışdırıcı klubun rəsmi açıqlamalarının onun şəxsi hüquqlarına və nüfuzuna zərər vurduğunu iddia edirdi.
Derbidən sonra başlayan hüquqi mübahisə
Məsələnin kökü 24 fevral 2025-ci ildə keçirilən “Qalatasaray” – “Fənərbağça” derbisindən sonra yaşanan hadisələrə dayanır. Həmin oyundan sonra tərəflər arasında yaranan gərginlik ictimai müzakirələrə səbəb olmuş, daha sonra isə məsələ məhkəmə müstəvisinə keçmişdi.
Mourinyo bununla bağlı “Qalatasaray”a qarşı qaldırdığı təzminat iddiası ilə hüquqlarının pozulduğunu əsas gətirsə də, məhkəmə fərqli mövqe sərgiləyib.
Məhkəmə açıqlamaları tənqid kimi qiymətləndirdi
Qərarda bildirilib ki, İstanbul təmsilçisinin paylaşdığı və ya səsləndirdiyi fikirlər şəxsi hüquqlara yönəlmiş əsassız hücum deyil. Məhkəmə həmin açıqlamaları Mourinyonun öz bəyanatlarından sonra yaranmış müzakirələrə verilən tənqidi cavab kimi dəyərləndirib.
Beləliklə, portuqaliyalı məşqçinin maddi kompensasiya tələbi rədd olunub və iş “Qalatasaray”ın xeyrinə yekunlaşıb. Qərarın Türkiyə futbolunda son illərin ən çox müzakirə olunan hüquqi çəkişmələrindən birinə nöqtə qoyduğu bildirilir.




