UEFA Konfrans Liqasının 2025/2026 mövsümünün qalibi bəlli olub. Almaniyanın Leypsiq şəhərində keçirilən final qarşılaşmasında İngiltərə təmsilçisi “Kristal Pelas” İspaniyanın “Rayo Valyekano” klubunu minimal hesabla məğlub edərək tarixində ilk dəfə Avropa kubokunu başı üzərinə qaldırıb.
“Red Bull Arena”da baş tutan oyunu italiyalı FIFA referisi Mauritsio Mariani idarə edib. Gərgin və ehtiyatlı mübarizə şəraitində keçən finalın ilk hissəsində komandalar hesabı aça bilməyiblər. İlk 45 dəqiqədə təhlükəli epizodların az olması diqqət çəkib.
Mateta London klubuna tarixi zəfər qazandırdı
Matçın taleyini ikinci hissədə vurulan yeganə qol həll edib. Qarşılaşmanın 51-ci dəqiqəsində Jan-Filipp Mateta rəqib qapısı önündə yaranan qarışıqlıqdan istifadə edərək topu başla tora göndərib. Fransalı hücumçu bu qolla “Kristal Pelas”a tarixi titul qazandırıb.
Oliver Qlasnerin komandası finaladək uğurlu yol keçib. London təmsilçisi yarımfinalda Ukraynanın “Şaxtyor” klubunu iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırmışdı. “Rayo Valyekano” isə finala gedən yolda Fransanın “Strasburq” komandasını üstələyib.
Bu nəticədən sonra “Kristal Pelas” növbəti mövsüm UEFA Avropa Liqasının əsas mərhələsində iştirak etmək hüququ əldə edib. Klub üçün bu uğur həm də Avropa arenasında ilk böyük beynəlxalq kubok kimi tarixə düşüb.
UEFA Konfrans Liqası – Final
“Kristal Pelas” (İngiltərə) – “Rayo Valyekano” (İspaniya) – 1:0
- Qol: Jan-Filipp Mateta, 51
- Baş hakim: Mauritsio Mariani (İtaliya)
- Stadion: “Red Bull Arena”, Leypsiq




