NBA tarixinin ən məşhur basketbolçularından biri olan LeBron Ceyms karyerasında yeni səhifə açmağa hazırlaşır. 41 yaşlı ulduz növbəti mövsümdə “Los Anceles Leykers”in formasını geyinməyəcəyini kluba rəsmi şəkildə çatdırıb. Məlumata görə, təcrübəli forvard 2026/2027 mövsümündə başqa komandanın heyətində çıxış etməyi planlaşdırır.
LeBron Ceymsin agenti və Klutch Sports şirkətinin rəhbəri Riç Pol bildirib ki, basketbolçu qərarını artıq “Leykers” rəhbərliyinə çatdırıb. Onun sözlərinə görə, Ceyms peşəkar karyerasını davam etdirəcək, lakin bunu Los Anceles klubunda etməyəcək.
Riç Pol ESPN-ə açıqlamasında deyib: “LeBron Ceyms NBA-da çıxışını 2026/2027 mövsümündə də davam etdirəcək və “Los Anceles Leykers”ə bildirib ki, klub artıq onsuz gələcəyini qura bilər. O, növbəti mövsüm başqa komandada oynayacaq.”
Hazırda basketbolçunun yeni klubunun adı açıqlanmasa da, ABŞ mediasında bir neçə komandanın onun transferi ilə maraqlandığı bildirilir. Bununla belə, rəsmi razılaşma hələ əldə olunmayıb.
LeBron Ceyms 2018-ci ildə “Los Anceles Leykers”ə qoşulmuş və klubun heyətində səkkiz mövsüm keçirib. O, 2020-ci ildə komandanın NBA çempionluğunu qazanmasında əsas rol oynayıb və bu müddətdə həm fərdi, həm də komanda rekordlarına imza atıb.
2025/2026 mövsümündə veteran basketbolçu 20,9 xal, 7,2 məhsuldar ötürmə və 6,1 ribaund orta göstəricisi ilə çıxış edib. Dördqat NBA çempionu və liqanın bütün dövrlər üzrə ən məhsuldar oyunçusu sayılan LeBronun ayrılığı “Leykers” üçün yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.




